FotoManşetTəhsilXəbər xətti

AzMİU-da Davud Axundova həsr olunmuş konfrans keçirilib – FOTO

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanın görkəmli memarı, memarlıq doktoru, professor Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Respublika Dövlət Mükafatı laureatı Davud Axundovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Memarlıq irsinin tədqiqi və mühafizəsi” adlı elmi – praktiki konfrans keçirilib.Universitetdən Aktor.Az-a verilən məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi və təşkilatçılığı ilə ərsəyə gələn konfransda başqa ölkələrdən gələn qonaqlar da iştirak edib. Konfransda Qafqaz Albaniyasının memarlıq irsi, Azərbaycanın memarlıq abidələrinin tədqiqi və qorunmasının aktual problemləri, memarlıq abidələrinin müasir şəraitdə istifadəsi və s. məsələlər müzakirə olunub. Konfrans iştirakçıları əvvəlcə D.Axundovun Memarlıq fakültəsinin foyesində hazırlanmış layihələrindən, elmi araşdırmalarından, kitablarından ibarət sərgiylə tanış olublar.

 

Konfransı giriş nitqiylə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayıb. Rektor Davud Axundovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib, görkəmli alimin həyat yoluna nəzər salıb. O qeyd edib ki, Davud Axundov 1918-ci ilin elə bu günündə Bakı şəhərində Azərbaycanın ilk diplomlu elektrik-mühəndisi olmuş, Belçika Lyej Kral Universitetini bitirmiş ziyalı Ağa Axundovun ailəsində anadan olmuşdur. Davud Ağa oğlu orta məktəbi bitirdikdən sonra 1937-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsinə daxil olmuş, 1942-ci ildən etibarən layihəçi-memar kimi yaradıçılıq fəaliyyətinə başlamışdır.

 

Görkəmli alimin elmi və pedaqoji fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edən G.Məmmədova bildirib ki, D.Axundova 1982-ci ildə “Azərbaycan SSR-in əməkdar ali məktəb işçisi” fəxri adı verilib, “Azərbaycanın qədim və erkən orta əslər dövrü memarlığ” adlı akademik monoqrafiyası 1990-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. D.Axundov 1992-ci ildə Beynəlxalq Şərq ölkələri memarlıq akademiyasının həqiqi üzvü seçilib, 2000-ci ildə “Şərəf” ordeni ilə təltif edilib, 2002-ci ildə respublika prezidentinin fərmanı ilə prezident təqaüdünə layiq görülüb.

 

Rektorun geniş və əhatəli çıxışından sonra söz digər çıxışçılara verilib. Azərbaycan Memarlar İttifaqının idarə Heyətinin sədri, professor Elbay Qasımzadə, Mədəniyyət və Turizm nazirinin müavini, professor Sevda Məmmədəliyeva, AMEA Memarlıq və İncəsənət İnstitunun direktoru, professor

 

Ərtegin Salamzadə, Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov, Daşkənd Memarlıq və İnşaat Universitetinin professoru Muhammed Əhmədov çıxış edib, Davud Axundov haqqında xatirələr söyləyiblər, xoş sözlər səsləndiriblər. Çıxışlardan sonra alimin ailə üzvləri adından oğlu Cəmil Axundov çıxış edərək atasının xatirəsini ehtiramla anan Universitet rəhbərliyinə, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

 

Konfrans öz işini bölmə iclasında davam etdirib.