DiasporDünyaFotoGündəmManşetSiyasətXəbər xətti

Bişkekdə Qara Qarayevin 100 illiyi yubileyi təntənəli qeyd olunub – FOTOLAR

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə bu ilin fevral ayının 8-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə yubiley gecəsi və qala-konsert keçirmişdir.

Səfirlikdən Aktor.Az-a verilən məlumata görə, yubiley gecəsində Qırğız Respublikasının Hökumətinin üzvləri, deputatlar, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, görkəmli ziyalılar – elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri və soydaşlarımız iştirak etmişlər.

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru, Qırğızstanın əməkdar mədəniyyət xadimi Bolotbek Osmonov tədbiri açaraq, dahi bəstəkar Qara Qarayevin yubileyinin rəhbərlik etdiyi teatrda keçirilməsinə görə şad olduğunu bildirmişdir. O, dahi bəstəkarın bütün dünyada olduğu kimi, Qırğızstanda da çox sevildiyini, yubiley tədbirinə maraq və 800 nəfərlik zalın tamamilə anşlaqı Qara Qarayevə olan məhəbbət ilə bağlı olduğunu qeyd etmişdir.

Sonra Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Aynura Temirbekova çıxış etmişdir.

A.Temirbekova növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinə və son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinə təşəkkürünü bildirmişdir. Nazir müavini Qara Qarayev sənətinin özünəməxsus təkrarsız xüsusiyyətlərindən, böyük bəstəkarın Qırğızstanda da istedadlı tələbələrinin olduğundan danışmışdır.

Sonra Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov çıxış etmişdir.

Səfir dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 2017-ci ilin oktyabr ayının 17-də imzaladığı Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd etmişdir ki, bu möhtəşəm yubiley Azərbaycandan kənarda da qeyd edilir.

Səfir son illərdə həm Azərbaycanda, həm də Qırğızstanda bir çox vacib tədbirlərin keçirildiyini qeyd etmiş , qısa müddət ərzində Azərbaycan və Qırğızstan Respublikaları və qardaş Azərbaycan və qırğız xalqları arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllər qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Bildirmişdir ki, bu müddət ərzində ölkələrimiz arasında mədəni mübadilə gücləndirilmişdir.O, belə tədbirlərin təşkil olunmasını iki qardaş xalqı daha da yaxınlaşdırdığı bildirmişdir.

 

Səfir Hidayət Orucov Qara Qarayevin SSRİ-nin ən yüksək fəxri adlarla, mükafatlarla təltif olunduğunu, ancaq Qarayev sənətinin bu fəxri adların və mükafatların hamısından daha da yüksək olduğunu vurğulamışdır.Səfir bu ilin yanvar ayının 19-da Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu, ölkə başçılarımızın təbrik məktubları göndərdikləri barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonra Səfir Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının kollektivinə, Azərbaycandan gələn istedadlı opera müğənnilərinə, qırğız sənətçilərə bu unudulmaz gecənin keçirilməsində zəhmət çəkən bütün şəxslərə, eyni zamanda zalda olan əziz qonaqlara, Qara Qarayev kimi dünya şöhrətli dahi bəstəkara göstərilən sədaqət və sevgiyə görə öz təşəkkürümü bildirmişdir.

Sonra möhtəşəm qala-konsert baş tutmuşdur.Qala-konsertdə Qırğızstanın əməkdar artisti Asel Bekbayeva, bu ölkənin əməkdar artisti Bakıt Ibıkeyev, Qırğız Respublikasının Milli Akademik Opera və Balet teatrının solisti Almaz İstambayev, Azərbaycandan isə xalq artisti Azər Zeynalov və  əməkdar artist Afaq Abbasova çıxış ediblər.

Qala-konserti Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qırğızstanın A.Cumaxmatov adına Akademik simfonik orkestri müşayiət etmişdir.