Gənclər Fondunun hesabat konfransı keçirilib – FOTOLAR

Fevralın 3-də Bakı Konqres Mərkəzində “2 Fevral – Gənclər Günü” münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun hesabat konfransı keçirilib.

Aktor.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, millət vəkilləri, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, həmçinin Gənclər Fondundan qrant almış fiziki şəxslər iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyev gənclərə həmişə yüksək qayğı göstərərək, onlarla bağlı məsələlərin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Məhz Ulu Öndərimiz Azərbaycanda dövlət gənclər siyasətinin təməlini qoyub və bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.

F.Hacıyev dövlətimizin başçısının Sərəncamı ilə Fondun yaradılmasını gənclərin həyatında yeni mərhələnin başlanması kimi dəyərləndirib. Bildirib ki, fəaliyyətə başladığı dövrdən etibarən Fondun gördüyü işlərə nəzər salanda uğurlu və dinamik inkişaf prosesinin şahidi oluruq. Fondun bu günə qədər elan etdiyi on qrant müsabiqəsi çərçivəsində fərdi gənclər və gənclər təşkilatları tərəfindən təqdim olunan layihələrin 3909-u maliyyələşdirilib və uğurlu nəticələr əldə edilib.

Tədbirdə ötən il Fondun maliyyə dəstəyi ilə Bakıda 394, Gəncədə 36, Sumqayıtda 25, digər şəhər və rayonlarda isə ümumilikdə 787 tədbirin keçirildiyi vurğulanıb. Bildirilib ki, bu tədbirlər on minlərlə gənci əhatə edib. Bununla yanaşı, Fond 62 gəncin beynəlxalq tədbirlərdə iştirakla bağlı müraciətlərini müsbət cavablandırıb və bunun üçün şərait yaradıb.
Birinci vitse-prez

identin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev qeyd edib ki, nə regionda, nə də bir sıra inkişaf etmiş ölkələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu kimi bir struktur var: “Gənclər Fondu gənclərlə bağlı layihələrin, gənclərin öz potensialını reallaşdırmasına imkan yaradır. Gənclər Fondu qarşıya qoyulmuş əsas məqsədlərə çata bilib. İcra olunan layihələr nə qədər keyfiyyətli, davamlı və geniş olsa fond da gənclər siyasətinə öz töhfəsini artıracaq. Dövlət qurumları daima gənclərin təkliflərini dinləyir. Bizim istedadlı gənclərimiz çoxdur. Hər bir potensiallı gənc Gənclər Fondunun layihələrindən xəbərdar olmalıdır. Azərbaycan gəncliyi Vətənə, adət – ənənə, xalqımızın gözəl dəyərlərinə bağlıdır. Ölkə rəhbərliyi də gənclərimizə güvənir. Düşünürəm ki, bu gün tədbir çərçivəsində keçiriləcək panellərdə yeni və maraqlı fikirlər səslənəcək”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından danışıb, gənclərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. Gənclər Fonduna təqdim olunan layihələrin şəffaf şəkildə maliyyələşdirildiyini diqqətə çatdıran nazir müavini deyib ki, Azərbaycanda gənclərin inkişafı, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Bu diqqət və qayğının əsasını ümummilli lider Heydər Əliyev qoyub. Hazırda bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Artıq yeni hədəflərimiz var. Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər. Ölkədə yalnız gənclər sahəsində deyil, bütün sahələrdə zəruri iş aparılır. Azərbaycanda demokratik vətəndaş cəmiyyəti mövcuddur və gənclərimizin bu əlverişli şəraitdən yararlanmaları üçün hər cür imkan yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ölkə gənclərinin beynəlxalq arenaya inteqrasiyasının vacibliyini, bu istiqamətdə görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirib, əldə olunan nailiyyətlərin respublikamızda aparılan uğurlu gənclər siyasətinin tərkib hissəsi olduğunu qeyd ediblər. Vurğulanıb ki, ölkəmizdə gənclərin inkişafı, onların fəallıqlarının artırılması, məşğulluqlarının təmin edilməsi, istedadlarının müəyyənləşdirilməsi, beynəlxalq platformaya çıxış imkanlarının və əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl və sistemli Dövlət proqramları həyata keçirilir. Bütün bu tədbirlər bölgələrdə yaşayan gəncləri də əhatə edir.
Layihələri Fond tərəfindən maliyyələşdirilən bir qrup gənc çıxışlarında yaradılan imkana görə minnətdarlıqlarını bildiriblər.Sonra uğurlu layihələrin müəlliflərinə mükafatlar təqdim olunub.

Açılış çıxışlarından sonra konfrans işini Gənclər Fondunun növbəti qrant müsabiqələrinin kateqoriyaları və əsas istiqamətlərinə, Gənclər evlərinin fəaliyyətinin genişləndirilməsinə, eləcə də Fonda təqdim olunacaq hesabat formalarının hazırlanmasına və layihələrin icrasına dair müzakirələrlə davam etdirib.

 

 

 

 

 

 

 

 

 

 

 

.