ManşetSiyasətXəbər xətti

Heydər Əliyev Fransanın həmsədr olmasına kəskin etiraz edirdi – Qüdrət Həsənquliyev

“Vaxtilə mərhum Prezident Heydər Əliyev Fransanın Minsk Qrupunun həmsədri olmasına kəskin etiraz edirdi. O zaman Fransa hökuməti təkidlə bizi inandırmağa çalışdı və söz verdi ki, onlar neytral, ədalətli olacaqlar. Azərbaycan da həmin dövrdə indiki qədər güclü deyildi. Ona görə də, biz Fransanın həmsədrliyini qəbul etdik. Amma çox təəssüf ki, onlar sözlərini tutmadılar”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı səsləndirib. Millət vəkili qeyd edib ki, bu ilk növbədə Fransadakı korrupsiyadan qaynaqlanır: “Orada zəngin erməni diasporası var. Bu həm də cəmiyyətdəki islamafobiyadan qaynaqlanır. Biz bilirik ki, Fransa cəmiyyəti içəridən dağılır, çürüyür. Orada ciddi sosial problemlər var. Fransa hökuməti “sarı jiletlilər” aksiyasını dayandıra bilmir və müvafiq islahatlarla əhalini sakitləşdirmək imkanında deyil. Ona görə, həm də cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq istəyir. Burada qısqanclıq məsələsi də var. Münaqişə başlayanda Fransa prezidenti dəfələrlə Rusiya prezidentinə zəng etdi. Xahiş etdi, yalvardı ki, Rusiya müdaxilə eləsin və Azərbaycanın öz toprpaqlarını işğaldan azad etməsinə imkan verməsin. Amma Rusiya prezidenti bəyan elədi ki, “hərbi əməliyyatlar Azərbaycanın əraziləri çərçivəsində gedir, ona görə də, biz müdaxilə edə bilmərik”. Türkiyənin də müstəqil siyasət yürütməsi və öz dövlət maraqlarını qətiyyətlə Şərqi Aralıq dənizində qoruması Fransanı həddindən artıq qıcıqlandırır. Ona görə də, məlum qətnamə Rusiya və Türkiyəyə münasibətdə olan hikkə, qəzəbdən, islamafobiyadan və siyasi korrupsiyadan doğub. Bu səbəbdən də hesab edirəm ki, biz senatın qərarını Azərbaycana münasibətdə düşmənçilik aktı kimi qəbul etməli, senatla bütün əlaqələri kəsməli və səfirimizi də məsləhətləşmək üçün geri çağırmalıyıq. Bu həm də digərlərinə dərs olmalıdır. Ümumiyyətlə, cənab Prezident də vaxtilə bu məsələyə münasibət bildirib ki, hər hansı bir dövlət cəsarət edib Dağlıq Qarabağdakı qondarma rejimi tanıyacağı təqdirdə 10 dəqiqədən sonra həmin dövlətlə bütün əlaqələr dayandırılacaq. Bu da hər kəsə bir mesaj olmalıdır. Ona görə də mən, Fransa senatına qarşı kəskin qətnaməyə səs verəcəyəm”.