DiasporDünyaKriminalXəbər xətti

Rusiyada azərbaycanlı 1 kiloqram qızılla tutuldu

Rusiyanın Baykal vilayətinin Kalarski rayon məhkəməsi böyük ölçüdə qiymətli metalların qanunsuz saxlanmasında ittiham edilən Azərbaycan vətəndaşı barəsində hökm çıxarıb. Virtualaz.org bildirir ki, bu barədə “Baykal 24” məlumat yayıb.

Məlumata görə, Şərqi-Sibir nəqliyyat prokurorluğu qiymətli metalların 2017-ci ilin sentyabrında Şərqi-Sibir dəmir yolunun Novaya Çara stansiyasında aşkar edilərək götürüldüyünü bildirib. Söhbət ümumi çəkisi 1256,9 qram olan və Azərbaycan vətəndaşının yol çantasından çıxan qızıl və gümüşdən gedir.

Lakin o, saxlanılan zaman qiymətli metalları Kunda stansiyasının dəmiryol vağzalından tapdığını və özünə götürdüyünü bildirib.

Qeyd edilir ki, götürülmüş qızılın dəyəri 2,7 milyon rubl, gümüşün dəyəri isə 3,5 min rubl təşkil edir.

Məhkəmə Azərbaycan vətəndaşına iki il şərti cəza verib. Qızıl və gümüş isə məhkəmənin qərarı ilə dövlətin xeyrinə müsadirə olunub.