Avropa Ittifaqı Çinə təzyiqi artırır – Elxan Şahinoğlunun TƏHLİLİ

Çin lideri Si Tszinpin 14 sentyabrda onlayn şəkildə Çin-Avropa sammitində iştirak edib və Almaniya kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının sәdri Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula von der Leyenlə müzakirələr aparıb. Müzakirələrdən sonra mətbuata bəyanat verilib.

Avropa İttifaqı Şurasının sәdri Çarlz Mişel bildirib ki, Brüssel Çinlә mәsuliyyәtli vә әdalәtli әlaqә yaratmaq istәyir. İclasda ‘‘Covid-19’’, iqlim dəyişikliyi, iqtisadiyyat, ticarət, beynəlxalq əlaqələr, insan hüquqları kimi mövzuları müzakirə etdiklərini ifadə edən Çarlz Mişel Çinlə münasibәtlәri  balanslı bir şәkildә davam etdirmәk istədiklərini və əməkdaşlıq sahələrini müəyyənləşdirmәk üçün fәaliyyәtlәrini davam etdirәcәklәrini bildirib.

Əlbəttə, Çin və Avropa İttifaqı üçün iqtisadi və ticarət əlaqələri önəmlidir. Çin ABŞ-dan sonra Avropa İttifaqının ikinci ən böyük ticarət tərəfdaşıdır, gündəlik ticarət dövriyyəsi təxminən 1 milyard avrodur. Məsələn gündəlikdə Avropa İttifaqı ilə Çin arasında yeddi illik investisiya razılaşması var. Ancaq Brüsselin şikayəti ondandır ki, Avropa bazarı Çin məhsullarına açıq olduğu qədər Çin bazarı Avropa bazarına o qədər açıq deyil. Brüsseli Çin bazarındakı əngəllərin varlığından şikayətçidir. Bundan başqa Çin Amerikada olduğu kimi Avropada da texnologiyaların və innovasiyaların oğurluğu ilə məşğuldur.

 

 

Çində insan haqları və Honkonqla bağlı mövzular da Brüsseli narahat edir. Təsadüfi deyil ki, görüşdən sonra açıqlama verən Çarlz Mişel bunları deyib: “Honkonqun milli təhlükəsizliyi Avropa İttifaqına üzv ölkələri narahat etməyə bilməz. Honkonqdakı demokratik səslər eşidilməlidir. Çin liderinə bu ölkənin Sincar Uyğur Muxtar Bölgəsi və Tibetdəki azlıqlara, insan haqları müdafiəçiləri və jurnalistlərə davranışları ilə bağlı narahatlığımızı çatdırdıq”.

Avropa İttifaqını Çində uyğuların məcburi yerləşdirildikləri əmək düşərgələrinin varlığı narahat edir. Bu mövzu gündəmdə ağırlığını qoruyur. Ancaq artan beynəlxalq təzyiqlərə baxmayaraq, Pekin bu məsələdə geri addım atmır. Brüssel Pekinə çağırış edərək Avropa İttifaqının müstəqil araşdırma qrupunun Sincan əyalətinə ziyarətinə icazə verilməsini istəyib.

 

 

Avropa İttifaqı ilə Çin arasındakı müzakirə olunan digər mövzu COVİD-19 olub. Brüssel virusa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq Çini bu mövzuda əməkdaşlığa dəvət edib. Avropa İttifaqı rəsmiləri yalnız bir peyvənd hazırlamağın vacib olmadığını, eyni zamanda virusun mənşəyinə dair həqiqətləri tapmağın gərəkliyini vurğulayıblar. Aydındır ki, Brüssel ona işarə edir ki, Çindən yayınlanan virusun mənbəyi hələ də araşdırılmayıb və tədqiqata ehtiyac var. Maraqlıdır ki, Çin lideri avropalı həmkarlarından fərqli olaraq görüşdən sonra videkonfrans vasitəsilə mətbuat konfransına qatılmayıb. Bu həm də o deməkdir ki, Pekin virusun mənbəyinin araşdırılmasıyla bağlı Çinə tədqiqat qrupunun göndərilməsini istəmir.

ABŞ-la siyasi və iqtisadi münasibətlərin gərginləşməsi fonunda Çin üçün Avropanın dəyəri artıb. Çin əvvəlki illərdən fərqli olaraq Amerika bazarında rahat hərəkət edə bilmir. Bu mənada Çin ABŞ-da sata bilmədiyi məhsullarını Avropa bazarına yönəltməyə çalışır. Ancaq Amerika kimi yumşaq formada olsa da, Avropanın da Çinə tələbləri  var. Pekin Brüssellə yalnız iqtisadi və ticarət mövzuları diqqətdə saxlayır, insan haqları kimi mövzuları avropalı tərəfdaşlarıyla müzakirə etmək istəmir. Brüssel isə Pekinə anlatmaq istəyir ki, ticarəti insan haqlarına qurban verməyəcək.

 

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzi

 

Paylaş: