GündəmManşetMediaMüsahibəSiyasətXəbər xətti

Vəsilə Vahidqızı:”Gecə-gündüz bilmədən işimlə məşğulam” – MÜSAHİBƏ

Tanınmış telejurnalist, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı “525-ci qəzet”ə müsahibə verib.Onun fikirlərini təqdim edirik.

– Vəsilə xanım, sizi daha yaxından tanımaq istəyənlər üçün bioqrafiyanızı, həyat yolunuzun ən vacib məqamlarını özünüzdən eşidib oxuculara çatdırmaq istərdik. Bildiyimizə görə, jurnalistika fəaliyyətinizə televiziyadan başlamısınız.

– Doğulub böyüdüyüm Laçından 20 yaşımda çıxmışam və təhsil almaq üçün Bakıya gəlmişəm. Necə deyərlər, gəliş o gəliş oldu. 1992-ci ildə rayon işğal olundu və bütün ailəmiz də Bakıya köçdü. Həmin il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirdim və Azərbaycan Dövlət Televiziyasında işə başladım. 10 il sərasər burada çalışdım. Jurnalist kimi iş həyatımın əvvəli AzTV ilə bağlıdı. Burada, xüsusilə “Səhər” proqramında xeyli təcrübə qazandım. Ordakı mühit jurnalistin formalaşması, yoğrulması üçün çox əlverişli idi. “Səhər”də əldə etdiyim təcrübə, o cümlədən, canlı yayımda sərbəstlik bacarığı mənə sonrakı illərdə, xüsusilə İctimai TV-də ciddi kömək oldu.

AzTV-dən çıxandan sonra çox qısa müddətdə “İnternyus-Azərbaycan”da çalışdım və Space TV-də “İnsan mənzərələri” adlı layihə etdim. Mənim marağım daha çox başqalarından fərqliliyin hakim olduğu, fikir balansı sistemi ilə işləyən, xalq üçün yaradılan, mülayim səs tonlu ictimai yayımçının efirində proqram və layihələr etmək idi. Şansım gətirdi ki, İctimai Televiziya açılanda məni ora çağırdılar və 13 il orda işlədim. İctimai TV-də də öyrənməyə, tok-şou aparıcılığı sahəsində bacarığımı formalaşdırmağa, artırmağa çalışdım. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə səfər etdiyim ölkələrdə azərbaycanlılar məni görən kimi İTV-də aparıcısı olduğum “Ortaq məxrəc” verilişinə baxdıqlarını deyirlər. Bununla yanaşı, “Müzakirə vaxtı” tok-şousunun, “Qarabağreal tarix” verilişinin də müəllifi və aparıcısı, onlarla sənədli filmin ssenasi müəllifi oldum. İctimai TV ilə BBC arasındakı uzunmüddətli əməkdaşlıq bizə çox şeyləri öyrətdi.

– Necə oldu ki, məhz televiziyanı seçdiniz, telejurnalist oldunuz?

– Əsl jurnalistika cəmiyyətlə iç-içə olmağın, problemləri işığa çıxarmağın əsas vasitələrindən biridir. Elə bilirdim ki, jurnalistika dünyanı nizama salmağın, ideoloji sistemləri dağıtmağın açarını özündə daşıyır. Jurnalist olmaq istəyirdim, sonra TV daha cəlbedici gəldi. Bu gün parıltısı o qədər olmasa da, TV və jurnalistika bir tutqudur. Və hər yerdə olduğu kimi, burda da uğurun dəyişməz düsturu var. Uğur nəyə bağlıdır? Az-çox qabiliyyət, üstəgəl, bilik, işini sevmək, bir az şans və çox çalışmaq. Özümü jurnalistikada o qədər də böyük uğur qazanmış biri saymıram, amma bu cəhətləri bir araya gətirərək suda batmamağa çalışmışam.

Düşünürəm ki, dünya hələ də maarifçilikdən üstün dəyər kəşf etməyib. Çalışdığım hər yerdə, hazırladığım proqramlarda maarifçilik xəttinin əsas meyar kimi oturuşmasına çalışmışam.

TV-də “ölsəm də, işləyərək ölüm” prinsipi ilə işlədim və özümü işinin “muzdlu qatili” hesab edənlərdənəm. Qırx dərəcə qızdırman olsa belə, heç bir proqramın çəkilişinin ixtisara salınmasına razı olmayan, yaxşı nəticə üçün öz formulunu axtaran biri olmağa çalışdım. Bu həvəs və işgüzarlığımı yeni işimdə də qorumağa çalışıram. Evdə, işdə, təyyarədə, bir sözlə, həyatın hər anında, gecə-gündüz bilmədən işimlə məşğulam. Onu da deyim ki, TV ilə bağları qoparmamışam və “Vətən uzaqda deyil” proqramı və ya başqa bir layihə ilə davam etmək fikrindəyəm.

Jurnalistika elə bir sahədir ki, haqqında danışdığın, bəhs etdiyin hadisələr tez-tez dəyişir deyə, sən də yenilənirsən. Amma bəzən mühit sən deyən olmur. Davamlı olaraq keyfiyyəti yüksəlməyən eyni işi gördükcə, eyni biçimdə düşünməyə məcbur olduqca, çarxın içində fırlanan dələni xatırladırsan. Fürsət düşübsə, getmək və həyatına, fəaliyyətinə yeni çalar qatmaq, yenilənmək ən yaxşısıdır. Zaman keçdikcə insan özünə suallar verir: İçində olduğun TV jurnalistikasından narahatsanmı? TV-də nə qədər peşəkar qalıb? Peşəkar yarış mühiti varmı? Jurnalistikamızda harda yanlışa yol verdiyini soyuqqanlılıqla etiraf edə biləcək nə qədər nəhəng adam var? Təkbaşına cığır açan adamlar varmı və var olanlar indi hardadır? Jurnalistikada əxlaq prinsiplərini pozmamağa çalışan nə qədər insan var? və s.

– Bir çox həmkarlarınız kimi siz də televiziya jurnalistikası ilə paralel dövlət qurumunda da çalışırsınız. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsini bir neçə ildir ki, icra edirsiniz. Jurnalist işləməklə bir dövlət qurumunda mətbuat xidməti vəzifəsində çalışmağın hansı üstünlükləri var?

– Daha doğrusu, dövlət qurumunda işləməklə bərabər, TV proqramı da hazırlayıram. Komitənin nəzdində həm Diaspor TV, həm də Diaspor FM yaradılıb. “Vətən uzaqda deyil” verilişi xaricdə yaşayan azərbaycanlılarla ünsiyyət qurmağı, onlarla əlaqələri möhkəmlətməyi, soydaşlarımızla vahid platforma üzərinə gəlməyi hədəfləyən bir konsepsiyadır. Bu ad, bu ifadə Komitə rəhbərliyinin ideyası kimi ortaya qoyulub və artıq xaricdə yaşayan soydaşlarımız üçün bir şüara çevrilib. Müəllifi və aparıcısı olduğum proqram 3-cü ildir ki, yayımlanır və pandemiya başlayana qədər onlarla ölkədə yaşayan azərbaycanlıların həyatını, fəaliyyətini məhz yaşadıqları ölkələrdə lentə almışıq. Bəzi qurumlar kimi TV fəaliyyətini də mətbuat xidməti işinin bir parçasına çevirə bilmişik.

Məncə, jurnalistliklə mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmağın fərqindən danışanda üstünlük deyil, çətinlik yada düşməlidir. Mətbuat xidməti daha çətin, çərçivəsi, hədsiz məsuliyyət yükü olan bir işdir.

– Sizcə, hər hansı bir qurumun mətbuat xidmətinin rəhbəri seçilmək və uğurlu fəaliyyət göstərmək üçün nələr tələb olunur?

– Doğrusu, heç vaxt belə bir vəzifədə işləmək kimi arzum və ya iddiam olmayıb deyə, tələblər haqqında da heç vaxt düşünməmişəm. Bu, daha çox qurum rəhbərlərinin seçimidir. Mən təklif aldıqdan sonra Komitəyə gəlməklə bağlı qərarı anında vermədim, 2-3 gün fikirləşdim və apardığım proqramlara vaxtaşırı qonaq olan Fuad Muradovla işləməyin faydalı olacağını düşündüm. Fuad müəllimi dəfələrlə müzakirələrə, xüsusilə gənclərlə açıq debatlara dəvət etmişdik və onun geniş düşünməyi bacaran, müzakirəyə açıq insan olması, tənqidi fikirləri qəbul etməsi, bir sözlə, “yeni beyin” olması diqqətimizdən yayınmırdı. Onunla işləmək sürətli, sistemli, hədəflənmiş iş prinsiplərini mənimsəmək deməkdir. Komitə sədrinin Azərbaycanın diaspor siyasətinə yeni çalar qatacağına əmin idim və məncə, bir jurnalist kimi bu işin, həm də çox çətin bir işin içində olmaq faydasız deyil.

O ki qaldı mətbuat katibi kimi uğurlu fəaliyyətə, bu, çətin və zamanla keyfiyyət çalarını artıran bir işdir. Media ilə olan əlaqələri daha da təkmilləşdirmək, medianın dilini bilmək, həm təmsil etdiyi qurumun nümayəndəsi, həm də mətbuatın nümayəndəsi olmağı bacarmaq vacibdir. İki tərəfin ortasında olduğun üçün burda da “ortaq məxrəci” tapmalısan, buranın da öz “ortaq məxrəc”i var. Ümumiyyətlə, mətbuat xidmətini mətbuatın xidmətçisi hesab edirəm və 24 saat media nümayəndələrinin sual və müraciətlərini cavablamalı olan şəxs kimi anlayıram. Yeri gəlmişkən deyim ki, mediamız, jurnalistlər diaspor mövzusuna hər zaman böyük həssaslıqla yanaşır və əməkdaşlığımız uğurla gedir. Əlavə edim ki, istənilən iş komanda işidir, mətbuatla işləyən böyük komandamız olmasa da, müsbət nəticə göstərə bilirik. Sosial media sahəsində ciddi uğurlarımız var, TV proqramlarını sistemli şəkildə davam etdirə bilirik, yazılı media ilə əlaqələrimiz qaneedicidir.

– Vəsilə xanım, aparıcısı olduğunuz “Vətən uzaqda deyil” proqramı izləyicilər tərəfindən maraqla qarşılanır. Bu layihənin həyata keçirilməsində əsas məqsəd nə idi?

– “Vətən uzaqda deyil” proqramı Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsidir və Komitənin nəzdindəki Diaspor TV-də, eləcə də İctimai TV-də yayımlanır. İctimai TV 3 ilə yaxındır ki, həm proqramın istehsalında iştirak edir, həm də yayımını təmənnasız olaraq həyata keçirir. Proqram diaspor sahəsində ixtisaslaşmış bir proqramdır və bu qısa vaxtda xaricdə yaşayan onlarla azərbaycanlının tanıdılmasında əvəzsiz rol oynayıb. Cəmiyyətimizə tanış olmayan, xaricdə böyük işlər görən, yüksək mərtəbələrə çatan, dünyaca məşhur universitetlərdə oxuyan, uğurlu biznes yaradan neçə-neçə soydaşımız məhz “Vətən uzaqda deyil” proqramı sayəsində Azərbaycanla bağlarını bir az da möhkəmləndirib.

– Xaricdə yaşayan həmvətənlilərimiz üçün sözügedən veriliş hansı əhəmiyyət daşıyır?

– Sözümə konkret faktla başlamaq istəyirəm. Bu il mayın 28-də müxtəlif ölkələrdə yaşayan Cümhuriyyət varislərinin Azərbaycan xalqını təbrik videolarını yaydıq və bu, cəmiyyətimizdə böyük marağa səbəb oldu. O insanların özləri də bu işdən, xalqımıza səslənməkdən böyük zövq aldılar. Bu və bunun kimi faktlar verilişin əhəmiyyəti barədə az-çox məlumat verir. Verilişi Azərbaycandan çox xaricdə daha yaxşı tanıyırlar. Həm də insanların bu proqramda yer almaq üçün maraqlarını da görürük. “Vətən uzaqda deyil” verilişi daha çox informativ xarakter daşıyır və əsas missiyası qarşılıqlı maariflənmədir. Diasporla bağlı ölkəmizə, ölkəmiz və Komitənin gördüyü işlərlə bağlı diasporumuza gərəkli məlumatları çatdırmaq yolundayıq. TV proqramı müəyyən bir missiyanın daşıyıcısıdır, ciddi informasiya ötürücüsüdür. Həm də bu, təkcə bir TV proqramı deyil, elə bir platforma, Azərbaycanla xaricdə yaşayan soydaşlarımız arasında qurulan elə bir körpüdür ki, onun üzərindən çox nəsillər keçə, bir-birinə doğru addımlaya bilər bilər.

– Bir az da Diaspor TV-nin fəaliyyətindən, burada yayımlanan verilişlərdən danışardınız.

– Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV dünya azərbaycanlılarını tanımaq və tanıtmaq üçün vacib bir vasitədir. Komitədə studiyamız və çəkiliş üçün lazım olan və necə deyərlər, özümüzə yetəcək qədər digər texniki imkanlarımız var. TV-ni az qüvvə ilə çox iş görməyə çalışan, işləyərək dincələn kiçicik bir komanda ilə ərsəyə gətirmişik. Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramı ilə yanaşı, “Qarabağ saatı”, “Qarabağdan danışaq”, “Azərbaycanca danışan xaricilər”, “Azərbaycan dili”, “Dünyada yaşayan azərbaycanlıları tanıyaq, tanıdaq”, “Xaricdəki azərbaycanlı jurnalistlər” və s kimi verilişləri var.

Bir dəfə mühafizə xidməti məni çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və dedi ki, mən Afrikada yaşayan azərbaycanlıyam, istəyirəm biləsiniz ki, diasporun sıralarında mən də varam. Onunla maraqlı müsahibəmiz də oldu. Sonra bu cür hallar təkrarlandı da. Sözümün canı odur ki, Diaspor TV-ni zənginləşdirən həm də ona marağı olan Azərbaycan diasporudur. İnternet televiziyamız xaricdə yaşayan soydaşlarımız üçün faydalı informasiyanı əlçatan edir. Mən çox şanslıyam ki, bu platformada yer almışam və ələ düşən imkanı, ideyanı gerçəkləşdirmək fürsəti olanların sırasındayam.

-Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılarla bağlı daha hansı yeni layihələr həyata keçirəcək?

-Diaspor TV, Diaspor FM, “Vətən uzaqda deyil” verilişi və bir çox layihələr Komitənin media layihələri sırasındadır. Ümumilikdə isə olduqca maraqlı və gələcəyə hesablanan, diaspor hərəkatının dönüş nöqtələrini yaradan çoxlu yeni proyektlər var. “Beyin qazanma”, Liderliyin inkişafı” proqramları, dünyanın müxtəlif ölkələrində açılan “Azərbaycan evləri”, son illər yaradılan Koordinasiya Şuraları, “Diaspor Gənclərinin Yay Düşərgələri” və s kimi layihələr xaricdəki intellektual azərbaycanlılarla möhkəm bağların yaranmasına əvəzsiz töhfələr verir. Bu gün ölkədə və xaricdə yaşayan minlərlə azərbaycanlı gənc, diaspor könüllüsü “Qarabağ Azərbaycandır” platformasında birləşib.

Diaspor işi, diasporla iş gediləsi uzun bir yola bənzəyir. Bu yolda xalqımızın birliyi üçün tutunacaq nöqtələr yaratmaqda az da olsa rolumuz olacaqsa, demək xoşbəxt adamlarıq.