ManşetSiyasətXəbər xətti

Deputatlar Vəkillər Kollegiyasında olublar

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri və üzvləri, deputatlar Əli Hüseynli, Çingiz Qənizadə və Qüdrət Həsənquliyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinin binasında Rəyasət Heyətinin rəhbərliyi ilə görüş keçirmişlər.

Aktor.Az xəbər verir ki, səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqları salamlayaraq, son aylar ərzində görülmüş işlər, xüsusilə vəkilliyə qəbul imtahanlarına hazırlığın vəziyyəti, vəkilliyə namizədlərin tərkibinə dair statistika barədə məlumat vermiş, habelə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsi üzrə gələcəkdə vəkillik haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair bir sıra təkliflər vermişdir.

Həmçinin görüş ərzində deputatlar ölkəmizdə ödənişsiz hüquqi yardımın vəziyyəti, Vəkillər Kollegiyasının fəaliyyətinin daha da səmərələşdirilməsi və onun maddi-texniki təminatı yaxşılaşdırılması, Kollegiyanın gələcək planları, qarşıdan duran problemlər barədə maraqlandılar və onların həlli istiqamətində təkliflər verdilər. Daha sonra öz çıxışında Komitə sədri Əli Hüseynli növbəti dövrdə Vəkillər Kollegiyasının fəaliyyətinin daim diqqətdə saxlanılmasının mühüm olduğunu vurğulayaraq, gələcəkdə Komitə ilə Kollegiya arasında təmasların daha intensiv formada qurulmasının əhəmiyyəti barədə fikirlərini bildirdi. Eyni zamanda deputatlar Qüdrət Həsənquliyev və Çingiz Qənizadə vəkilliyin gələcək inkişafı, bu peşənin əhəmiyyəti barədə maraqlı fikirlər səsləndirmiş və konstruktiv təkliflər irəli sürmüşlər.

Sonda qonaqlar ilə birgə xatirə şəkili çəkilmişdir.