…Başlandı və bitdi!!!

…Başlandı və bitdi!!! ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə tərəfi xarici işlər nazirləri ilə Krakov görüşünü nəzərdə tuturam. Bəs nəticəsi?Nə olsun yoxdur!

Əsas odur ki, yeni il başlayar-başlamaz həmsədrlərin bu görüşü təşkil etmək “hünəri”nə bütün dünya şahidlik etdi. Vallah-billah, onların bu əməlləri ilə “öyünməyə” hər cür haqları var. Gecələri-gündüzləri yoxdur. İnanmırsız? Mən deyim, siz qulaq asın. Keçən ilin sentyabrında BMT Baş Məclisinin sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü kim təşkil etdi? Əlbəttə, ATƏT-in Minsk qrupu. Ötən ilin oktyabrında Cenevrədə prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olmaq kmin xidməti idi? Bu ki, aksiomdur.

Başqa alternativ ağlınıza gəlirmi? Noyabr ayında Moskvada xarici işlər nazirlərini bir araya gətirən kim idi? Şərhə ehtiyac yoxdur. Bəs bunun ardınca ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın xarici işlər nazirı S.Lavrov təsadüfənmi Bakıya və İrəvana səfər etmişdi? Əlbəttə, yox.Məhz ATƏT-in Minsk qrupunun fəaliyyəti sayəsində bu səfər baş tutmuşdu. Hələ ötən ilin dekabrında onların səyi ilə xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsini demirəm…

Tutduğundan buraxmayan adamlar kimi deyəcəksiniz ki, bu görüşlərdə heç bir nətcə yoxdursa, nəyimizə gərəkdir. İndi də bəzi “ağzıgöyçəklər” deyirlər ki, onların Krakov bəyanatı qərəzlidir. Nə var, nə var faktaraşdırıcı missiyanın göndərilmə ünavnı olaraq “işğal altındakı Azərbaycan əraziləri yox”, “münaqişəyə məruz qalan ərazilər” ifadəsi işlədiblər…Kim səhv etmirki?..Bir də axı nə yaşları var…cəmisi 25 yaş…Öyrənərlər də…Gün var, ay var…il var…

Heç bizim kəmhövsələliyimizdən xoşum gəlmir…

 

Elman Nəsirov,

millət vəkili, siyasi elmlər doktoru, professor

.