DiasporDünyaFotoManşetXəbər xətti

Gürcü nazir: “Vəzifəmiz milli azlıqların keyfiyyətli təhsilini yüksəltməkdir”

Bu gün Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Ketevan Sixelaşvili və təhsil və elm naziri Mixail Çxenkeli Poniçala qəsəbəsindəki 218-ci gürcü-Azərbaycan ictimai məktəbinin Azərbaycan dili bölməsinə baş çəkiblər. GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, hökumətin rəsmi şəxsləri məktəbin VII sinifində gedən dərsin gedişi ilə maraqlanaraq açıq dərsdə iştirak ediblər. Sonra nazirlər Azərbaycan dili bölməsinin IX-X-XI sinif şagirdləri ilə görüşüblər. Görüş çərçivəsində nazirlərin iştirakı ilə şagirdlər arasında “Gürcü dilini öyrənməkdə mənim rolum” adlı müsabiqə elan edilib və müsabiqənin şərtləri barədə ətraflı məlumat verilib.

Müsabiqənin məqsədi milli azlıq nümyəndələri olan şagirdlərə dövlət dilinin öyrədilməsi və bu dil vasitəsilə elmi biliklərə yiyələnməyi inkişaf etdirmək, onların yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməkdir. Müsabiqədə iştirak edən hər bir şagird uğur əldə etmək üçün maksimum hazırlaşmalı və ssenari yazmaq, həmçinin, yazıya musiqi tərtibatı vermək istiqamətində bacarığını sınamalıdır.

Şagirdlərlə görüşdə bildirilib ki, müsabiqənin münsiflər heyəti şagirdlər arasında üç qalib müəyyənləşdirəcək və I, II və III yerləri tutan qaliblər 3000, 2000 və 1000 lari həcmində pul mükafatı alacaqlar.

Dövlət naziri Ketevan Sixelaşvili şagirdlərə müraciət edərək elan edilən müsabiqənin onlara öz imkanlarını təsdiq etmək üçün yaxş şans olduğunu bildirib.

“Mən məktəblərə getməyi çox sevirəm, çünki mən bu bilik ocaqlarında cəmiyyətimizin ən layiqli nümayəndələri ilə görüşəcəyimi düşünürəm. Siz çox qısa müddətdə bu ölkənin inkişafına qayğı göstərən nəsil olacaqsınız. Buna görə də biz daha yaxşı bir gələcəyi olan, sülh və dinc bir mühitdə getdikcə inkişaf edən Gürcüstanda yaşamaq istəyirik”,-nazir qeyd edib.

“Bizim vəzifəmiz ondan ibarətdir ki, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş, bərabər və istənilən səviyyədə arzu etdiyi sahədə çalışa bilsin. Buna görə də dövlətin dörd əsas prioritetindən biri keyfiyyətli təhsildir. Təhsil əsas strateji istiqamətlərdən biridir. Bunun üçün təhsil sahəsinə daha düzgün istiqamətdə investisiya yatırmaq və bu sahədə böyük uğurlar əldə etmək vacib şərtdir”,- K. Sixelaşvili vurğulayıb.

Dövlət naziri uğur əldə etməyin başlıca şərtlərdən birinin keyfiyyətli təhsil ilə barəbər, dövlət dilinin və ana dilinin keyfiyyətli şəkildə öyrənmək olduğunu bildirib: “Başlıca uğurlardan biri də odur ki, siz keyfiyyətli bir təhsilə sahib olmalı, ana dilinizlə birlikdə dövlət dilini də mükəmməl bilməlisiniz. Bu istiqamətdə valideynlərin iştirakı çox vacibdir”,- o, bildirib.

“Bizim vəzifəmiz – mümkün qədər bu prosesi yalnız Tiflisdə deyil, həm də Gürcüstanın regionlarında yaşayan və vətəndaşlarımız olan müxtəlif köklərə malik milli azlıq nümayəndələrinin keyfiyyətli təhsilini yüksəltməkdir”,- dövlət naziri əlavə edib.

Tədbirdə Təhsil və elm nazirinin müavini Lia Qiqauri, Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin idarə rəisi Eliso Lomidze və Kvemo Kartli bölgəsi üzrə müşavir Ayaz Məmmədov da iştirak edib.