DünyaXəbər xətti

Gürcüstanın keçmiş deputatı və generalı öldürüldü

Bu gün Rustavidə “İstanbul bazarı”nın səhmdarlarından biri, “Birlik MMC”-nin rəhbəri Samson Kutateladze kabinetində ölü halda aşkar olunub.

GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, bu barədə gürcü mətbuatı yazıb və Kvemo Kartli bölgə televiziyası canlı olaraq süjet nümayiş etdirib. Bu saatlarda hadisə yerində Gürcüstan daxili işlər nazirliyinin əməkdaşları və Rustavi ekspert bürosunun ekspert kriminalistləri işləyirlər.

Soso Kutateladze 1964-cü ildə anadan olub. 1991-ci ildən Gürcüstan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə çalışıb. 2001-ci ilədək Saçxere batalyonunda xidmət edib; 2001-ci ildən Milli Qvardiyada; 2004-2006 Milli Qvardiya komandiri olub.

2008-ci ildən Gürcüstan Parlamentinin üzvü olub və Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsində çalışıb.

O, Gürcüstanın ərazi bütövlüyü uğrunda Abxaziya və Samaçablo bölgələrində, eləcə də İraqdakı sülhməramlı əməliyyatlarda iştirak edib.

S. Kutateladze ABŞ ordusunun fəxri generalı adına mükafata layiq görülüb. O, III Vaxtanq Qorqasali ordeninə və briqada generalı kimi Saçxerenin fəxri vətəndaşı adına layiq görülüb.

Samson Kutateladze Milli Hərəkat partiyasının üzvü olub.

Kvemo Kartli televiziyasının məlumatına görə, S. Kutateladzenin qətlə yetirilməsi ilə bağlı Gürcüstan CM-nin qəsdən adam öldürməyi nəzərdə tutan 108-ci maddəsinin 2-ci bəndi və 236-cı maddəsi ilə qanunsuz olaraq odlu silahlardan istifadə ilə cinayət işi qaldırılıb. Araşdırma aparılır.