ƏdəbiyyatFotoGündəmManşetMədəniyyətSiyasətXəbər xətti

Zəlimxan Yaquba həsr olunan anım mərasimi keçirilib – FOTOLAR

Bu gün Xalq şairi Zəlimxan Yaqubun dünyasını dəyişməsinin ikinci ildönümüdür. Zəlimxansevərlər, yaxınları və doğmaları, ailə üzvləri Fəxri xiyabandakı məzarı başında şairi anıblar. GAXA-nın məlumatına görə, anım mərasimində Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, Zəlimxan Yaqubun yaxın dostu və ədəbi irsinin araşdırıcısı Musa Nəbioğlu şairin hələ sağlığında ikən özünə milyonların qəlbində abidə qurduğunu vurğulayıb və bu yaxınlarda onun xatirəsinə ehtiram əlaməti olaraq “Zəlimxan özü var xatirələrdə” adlı kitabın işıq üzü gördüyünü deyib. Qeyd olunub ki, kitabda Z.Yaqub dünyasını dəyişəndən sonra onun haqqında yazılmış elmi-publisistik məqalələr və ona ithaf olunmuş şeirlər yer alıb.

Sonra Millət vəkili Qənirə Paşayeva çıxış edib. O, Zəlimxan Yaqubun həm bir şair, həm də bir şəxsiyyət kimi böyüklüyündən söz açıb, Azərbaycan ədəbiyyatındakı yerini və rolunu vurğulayıb.

Tədbirdə çıxış edən gənc şairlər Qılman İman və Anar Amin Zəlimxan Yaqubun söz-sənət aləmində hər zaman yerinin göründüyünü, onun gənc ədəbi qüvvələrə daim qayğı göstərdiyini vuruğlayıb və xalq şairi ilə bağlı xatirələrini bölüşüblər.

Şairin doğulub boya-başa çatdığı Borçalının Kəpənəkçi kəndinin adından çıxış edən “Kəpənəkçi” Xeyriyyə cəmiyyətinin sədri Azər Göyüşov öz çıxışında təkcə kəpənəkçililərin deyil, bütövlükdə borçalıların Zəlimxan Yaqubla hər zaman qürur duyduğunu deyib, bu böyük söz ustadı ilə bağlı gələcəkdə həyata keçirəcəkləri tədbirlərdən söz açıb.

Sonda şairin oğlu Bəhlul Yaqubov çıxış edərək anım tədbirində iştirak edənlərə və bütün zəlimxansevərlərə ailə üzvləri adından təşəkkürünü bildirib.

Böyük və sevimli Xalq Şairi Zəlimxan Yaquba rəhmət diləyirik, ruhu şad olsun deyirik!