“Milli maraqların qorunmasında yeni yanaşmalar və QHT-lər” mövzusunda ictimai dinləmə keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Milli maraqların qorunmasında yeni yanaşmalar və QHT-lər” mövzusunda ictimai dinləmə keçirib.

Şuradan Aktor.Az-a bildiriblər ki, tədbirdə Şuranın katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə bütün sahələrdə müşahidə edilən dinamik inkişafın QHT-lərin də üzərinə bir sıra mühüm vəzifələr qoyduğunu bildirib. Qeyd edib ki, QHT-lər müasir inkişafın tələbləri ilə ayaqlaşmağı bacarmalı, ictimaiyyətlə əlaqələr işini gücləndirməlidirlər. Onlar sosial şəbəkələrin imkanlarından istifadə edərək həyata keçirdikləri çoxsaylı maraqlı və faydalı layihələr haqqında ictimaiyyəti daha səmərəli şəkildə məlumatlandırmalıdırlar.

Şura sədrinin müavini Vüsal Quliyev çıxışında bildirib ki, QHT-lər milli maraqların qorunması üçün həyata keçirdikləri təşəbbüslərdə dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, konstitusiya quruluşunun qorunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artırılması kimi məsələlərə xüsusi diqqət yetirməlidirlər. O deyib: “Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə – iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. Hazırda biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaq, milli maraqlarımızı qorumaqdır”.

Vüsal Quliyev bildirib ki, milli maraqların qorunması cəmiyyətin aparıcı qüvvəsi kimi QHT-lərin ən əsas vəzifəsi olmalıdır. Onlar cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq göstərməlidirlər.

O, Şuranın, eyni zamanda, digər fond və nazirliklərin hər il yüzlərlə QHT-nin ideya və təşəbbüsünü dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyətin həyatında fəal iştirak etsin, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsunlar, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.

Şura üzvü Emin Həsənli QHT-lərin müharibə şəraitində olan ölkəmizin milli maraqlarının müdafiəsi işində nümayiş etdirdiyi həssaslığı hər zaman qorumalı olduğunu qeyd edib.

Şura üzvü Rufiz Qonaqov Azərbaycanın milli maraqlarının qorunmasında QHT-lərin müasir çağırışlara uyğun olaraq səmərəli və fəal şəkildə iştirak etdiyini qeyd edib. Şura üzvü Anar Xəlilov QHT-lərin fəaliyyətlərində milli mənafelərimizin müdafiəsini hər bir maraqdan öndə tutduğunu vurğulayıb.

Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov QHT-lərin sosial şəbəkədən səmərəli istifadə mexanizmləri ilə bağlı praktiki nümunələrlə zəngin olan təqdimatla çıxış edib.

QHT rəhbərləri Rauf Zeyni, Niyaməddin Orduxanlı, Şəlalə Həsənova, Anar Yusifoğlu, Aydınxan Əbilov, Seymur Verdizadə, Şahin Rəcəb, Muğan Əliyev, Xatirə Vəliyeva və digərləri çıxış edərək milli maraqlarımızın qorunması istiqamətində QHT-lərin üzərinə düşən vəzifələrin icrası ilə bağlı təkliflərini bildiriblər.

 

.