Bakı Texniki Kollecində islam həmrəyliyi ilə bağlı tədbir keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Dialoq məkanı:Azərbaycan” layihəsi çərçivəsində növbəti təlim reallaşdırılıb. Aktor.Az xəbər verir ki, tədbir Bakı Texniki Kollecində baş tutub.
70-dən çox tələbənin qatıldığı təlimi layihə rəhbəri Aygün Gözəlova açaraq qeyd edib ki, müstəqillik əldə etdikdən sonra qarşılaşdığımız ən mühüm məsələlərdən biri də islam həmrəyliyinin təbliğində gənclərimizin aktiv rol oynaması, mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyini dünya xalqlarına göstərməkdir. Layihə rəhbəri əlavə edib ki, Azərbaycan dünyada millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrilib.
Tədbirdə iştirak edən Bakı Texniki Kollecin müəllimləri Qalıb Əhədov və Cəlal Qardaşov, həmçinin ekspertlər Telman Məmmədov və Fatma Paşayeva da mövzu ilə bağlı fikirlərini bidirib, müzakirələrdə aktivlik göstərən tələbələrin suallarını cavablandırıblar.
Ekspertlər əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətini təqdir edərək xatırladıblar ki, ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində gənclər ölkəmizin ictimai, siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Azərbaycanda bu sahədə həyata keçirilən siyasətin digər ölkələr üçün nümunə olduğu diqqətə çatdırılıb.
Mövzu ilə bağlı danışan qonaqlar vurğulayıblar ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz islam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar ölkəmizdə ilk vaxtlardan islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb.Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində islam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunması, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidinin inşa edilməsi xüsusi ilə nəzərə çatdırılıb.
Ekspertlər əlavə ediblər ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci il üçün Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapıb. Həmçinin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb. Məhz, bu baxımdan da Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında imzaladığı sərəncamı xüsusi qeyd etmək lazımdır.Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Mütəxəssislər təlimə qatılan gənclərə islam həmrəyliyinə kölgə salacaq zərərli addımlara qarşı qabaqlayıcı tədbirlər görməyi tövsiyə ediblər.
Təlim sonra diskussiya şəkilində davam edib və tələbələr onları maraqlandıran məqamlarla bağlı suallara cavab alıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2018-ci ilin yanvar ayında başa çatacaq.