GündəmManşetSiyasətXəbər xətti

İstanbul Prosesi ölkəmizin nüfuzunu daha da artıracaq – Deputat

Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq.Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Prezident İlham Əliyev konfransda çıxışı zamanı Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı və ölkəmizin dünyada sülhün və sabitliyin bərpa olunmasına verdiyi töhfələrdən danışdı.

Deputat qeyd edib ki, Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verir, lakin özü təcavüzə məruz qalıb: “Prezident İlham Əliyev çox haqlı olaraq qeyd etdi ki, “Azərbaycan ərazisinin davam etməkdə olan işğaldan və yüz minlərlə vətəndaşının məcburən öz torpaqlarından qovulmasından əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam anlayır”.

T.Rzayev bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunan torpaqlarını sülh yolu ilə geri qaytarmaq istəyir: “Çünki müharibə, qan tökmək heç bir dövlətə xeyir gətirmir. Hərçənd ki, bizim torpaqlarımızın 20 faizi işğal olunub, uzun müddətdir işğal altındadır. Prezident bütün yüksək tribunalardan həmişə xatırladıb ki, Azərbaycan öz torpaqlarını sülh yolu ilə qaytarmaq istəyir. Ancaq bununla yanaşı, Azərbaycanın güclü ordusu da var və təbii ki, əgər torpaqları sülh yolu ilə qaytarmaq mümkün olmasa, Azərbaycan hərbi yolla da öz torpaqlarını geri qaytarmağa qadirdir”.

Qeyd edək ki, “Asiyanın Qəlbi – İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə qoşulub.