Putin Qarabağ münaqişəsinin həllinə inanmır – Ərdoğan

“Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdik”.Trend-in Türkiyənin “Star” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərinin yekunlarını şərh edərkən bildirib.

Türkiyə Prezidenti bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.

Onun sözlərinə görə, görüşdə Rusiyanın bu məsələyə daha çox önəm verməsinin faydalı olması qeyd edilib.

Trend-in məlumatına görə, “Habertürk” qəzeti Türkiyə Prezidentinin görüşlə bağlı fikirlərini yayıb: “O özü də (Vladimir Putin – red.) belə düşünür, lakin mənim fikrimcə, tərəflərin tutduğu mövqe ilə əlaqədar çox ümidli deyil. Mən 5 rayonun azad edilməsi ilə bağlı qərarın olmasını xatırlatdım və onların bu rayonları tərk etməli olduqlarını vurğuladım. Ərazilərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının da qətnamələri var. Bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələri həmin rayonları tərk etmirlər. Əgər bu rayonlar işğaldan azad edilsə, əzəli sakinlər doğma yerlərinə qayıda bilərlər”.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə keçirilib. Noyabrın 22-də isə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır.

.