FotoManşetTəhsilXəbər xətti

AzTU-da magistr olmaq istəyənlərə ödənişsiz kurslar – FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilində ölkənin ali təhsil müəssisələrində ilk dəfə olaraq magistraturaya ödənişsiz hazırlıq kursları təşkil olunub. Unversitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayevin Aktor.Az-a verdiyi məlumata görə, kursların təşkili və tələbələrin bu kurslara cəlb edilməsi üçün AzTU-nun Elm və texnika üzrə prorektoru İlham Pirməmmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. İşçi qrupu bu gündən etibarən tələbələrin kurslara qeydiyyatını elan edib. Noyabrın 19-a kimi davam edəcək qeydiyyat AzTU-nun “Magistratura və doktorantura” şöbəsində (I korpus, 428-ci otaq) aparılır.

Qeydiyyat prosesi başa çatdıqdan sonra, noyabrın 23-də kurslara yazılan tələbələr arasında sınaq imtahanı keçiriləcək. Sınaq imtahanının nəticəsinə əsasən tələbələrin bilik səviyyələrinə uyğun olaraq qruplar yaradılacaq.

İki mərhələdən ibarət olacaq kursların I mərhələsi 1 dekabr-15 fevral, II mərhələsi isə 1 mart-30 iyun tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, tələbələrin magistraturaya qəbul imtahanında müvəffəqiyyət səviyyəsinin artırılması məqsədi ilə yaradılan kurslar AzTU-da ötən tədris ilində də təşkil edilib. Kurslarda iştirak edən tələbələrin 89 faizi magistraturaya qəbul imtahanından müvəffəqiyyətlə keçib.