DiasporDünyaGündəmİqtisadiyyatKÖŞƏManşetSiyasətXəbər xətti

Ermənilərin həsədlə baxdığı layihə – Gürcüstanlı deputat nələri dedi?

“Bu günlərdə Şərq-Qərb nəqliyyat dəhlizinin gerçəkləşməsində istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun böyük əhəmiyyəti var. Bu yeni dəmir yolu bağlantısının reallaşması Azərbaycan, Gürcüstan və Türkiyənin diqqət mərkəzindədir. Bu, həmin ölkələrin, eyni zamanda sözügedən dəhlizin xidmətlərindən istifadə etmək marağında olan digər ölkələrin sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq”. Bu sözləri Aktor.Az-a açıqlamasında Gürcüstan parlamentinin deputatı Azər Süleymanov BTQ-nin istifadəyə verilməsini şərh edərkən belə deyib.

 

 

O, vurğulayıb ki, Azərbaycan öz əlverişli coğrafi mövqeyinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır və Avrasiya məkanında aparıcı rola malikdir:

“Azərbaycan öz əlverişli coğrafi mövqeyinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu, Azərbaycanın Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində önəmli yer tutmağa şərait yaradır. Bununla da Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq, bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda irimiqyaslı infrastruktur layihələrini həyata keçirir. İndi Asiyadan Avropaya daşınan yüklərin həcminin getdikcə artması onların qısa müddətdə mənzil başına çatdırılması məsələsini gündəmə gətirilir ki, bunun da uğurlu həllində sözügedən layihələrin böyük əhəmiyyəti var. Ekspertlərin də vurğuladığı kimi, BTQ dəmir yolu xətti iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verən layihədir. Bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Onun istifadəyə verilməsi ilə nəqliyyatın imkanları genişlənəcək, sərnişin və yük daşımalarının həcmi artacaq”.

 

 

A.Süleymanov bildirib ki, sözügedən dəmir yolu digər ölkələr üçün də mühüm əhəmiyyətə malik bir infrastrukturdur:

“Bakı-Tbilisi-Qars dəmir yolu nəinki region, eləcə də bu xəttə qoşulacaq digər ölkələr üçün mühüm əhəmiyyətə malik bir infrastruktur kimi çox dəyərləndirilir. Dəmir yolunun Asiya və Avropa arasında yük və sərnişin axınının artmasına təkan verəcəyi, turistlərin gediş-gəlişi üçün rahatlıq yaradacağı, Xəzər dənizi və Qara dəniz arasında bağlantını təmin edəcəyi şəksizdir.Digər ölkələrin də bu layihəyə qoşulması nəticə etibarilə tarixi İpək Yolunun inkişafına xidmət edəcək. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq”.

Gürcüstan parlamentinin azərbaycanlı üzvü Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı Azərbaycanın öz üzərinə düşən bütün vəzifələri yerinə yetirdiyini vurğulayaraq əlavə edib ki, bu transmilli layihə prezident İlham Əliyevin şəxsi iradəsi və qətiyyəti sayəsində ərsəyə gələn bir nəqliyyat dəhlizidir. Onun sözlərinə görə, Bakının BTQ-yə 700 miyon dollardan çox vəsaitin ayırması amili səsləndirdiyi fikirlərə əsasdır.

 

 

Müsahibimiz layihədən danışarkən Saakaşvili iqtidarının da BTQ-yə müsbət reaksiyalarını yada salmağın vacibliyini önə çəkib. Onun sözlərinə görə, həmin dövrdə prezidentlər İlham Əliyev və Mixeil Saakaşvilinin şəxsi dostluğu sözügedən layihənin təməlinin qoyulmasında əhəmiyyətli rol oynadı.

A.Süleymanov xatırladıb ki, bəzi siyasi çevrələr BTQ-nin reallaşmasına əngəl törətməyə səy göstərsələr də, onlar öz mənfur niyyətlərinə çata bilməyiblər. Siyasətçi inandığını bildirib ki, nəqliyyət sistemindən Gürcüstanda yaşayan soydaşlarımız da yararlanacaqlar.

 

 

Deputat bu arada Ermənistanın bəzi rəsmi şəxslərinin dəmir yolunun böyük əhəmiyyətinə kölgə salmağa çalışmalarını da cavabsız qoymayıb:

“Öncə diqqətə çatdırım ki, Gürcüstanda yaşayan ermənilər layihənin ərsəyə gəlməməsi üçün ciddi çalışdılar.Hamının yaxşı tanıdğı və gözlənilmədən azadlığa buraxılan Cavaxetiya separatçısı Vaan Çaxalyan layihəyə qarşı silsilə aksiyalar təşkil etdi. Bununla bağlı 2016-cı ilin mayında parlamentdə çıxışımda da öz etirazımı bildirdim və söylədim ki, Çaxalyan kimiləri Gürcüstanın milli maraqlarına, ölkəmizin təhlükəsizliyinə təhdiddir.Yəni bu adam Azərbaycan ,Gürcüstan və Türkiyə arasında geniş iqtisadi əlaqələrin qurulmasına qarşıdır.Əksinə, Abxaziyadan Ermənistana uzanan dəmir yolunun bərpasının vacibliyini təbliğ edir. Bilirsiniz ki, Bakı-Tbilisi-Qars iqtisadi mahiyyət daşısa da, bu layihə həm də geosiyasi əhəmiyyət kəsb edir. İşğalçı Ermənistanı bu dəhlizdən kənarda saxlamaqla rəsmi Bakı önəmli strateji addım atdı. İndi biz ermənilərin bəzi qeyri-konstruktiv bəyanatlarına rast gəlirik.Məsələn, sərsəm bəynatları ilə tanıdığımız vitse-spiker Eduard Şarmazanov öz mənfur niyyətinə sadiq qalaraq bildirib ki, Ermənistanın BTQ-yə qoşulması Bakının Qarbağın müstəqilliyini tanımasından keçir. Gülməlidi və görün bunlar nə gündədir… Əvvala bundan soruşmaq lazımdır ki, səni və sənin işğalçı dövlətini bu layihəyə yaxın buraxan varmı? Tam əminliklə deyirəm ki, BTQ ermənilərin həsədlə baxdığı nəhəng bir layihədir!”