Xəbər xətti

Azay Quliyev: Qədim İpək Yolu dünyanın böyük sivilizasiyaları arasında mübadilə imkanı yaradıb

Məlumat verildiyi kimi aprelin 29-da Belarus Respublikasının paytaxtı Minsk şəhərində İpək Yoluna Dəstək Qrupunun “Bir kəmər, bir yol: davamlı inkişaf və firavanlıq naminə əməkdaşlığın dərinləşməsi” mövzusunda ikinci beynəlxalq konfransı işinə başlayıb. ATƏT Parlament Assambleyasının vitse-prezidenti və qurumun İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev konfransın açılış mərasimində məruzə ilə çıxış edib.
Azay Quliyev deyib ki, İpək Yoluna Dəstək Qrupu Minskdə keçirilmiş ATƏT PA-nın 26-cı illik sessiyasında 8 iyul 2017-ci ildə yaradılıb. Həmin gün 17 ölkə bu təşəbbüsü dəstəkləyərək Qrupun qurucu üzvü olub. ATƏT PA-nın vitse-prezidenti Qrupun yaradılması təşəbbüsünü irəli sürdükdə onun bu qədər böyük marağa səbəb olacağını proqnozlaşdırmadığını bildirib: “Qısa müddət keçməsinə baxmayaraq hazırda 24 ölkə Qrupun tam hüquqlu üzvüdür. Bir çox ölkələr Qrupun tədbirlərini qəbul etməkdə maraqlı olduğunu bildirib. Yalnız bu il ərzində İpək Yoluna Dəstək Qrupunun 3 ölkədə tədbirlərinin keçirilməsi planlaşdırılıb. Onlardan ikisi – fevral ayında Vyanada, hazırda isə Minskdə yüksək səviyyədə təşkil edilib. İsveçrənin Andermatt şəhərində bu ilin sentyabr ayında baş tutacaq beynəlxalq konfransın da yüksək səviyyədə təşkil ediləcəyi bizdə sual doğurmur”.
Qrupun sədri qeyd edib ki, ATƏT PA-nın Qış, Payız və İllik Sessiyaları zamanı da qurumun görüşləri keçirilir: “Mən bu cür sıx qrafikə malik olan və il ərzində 6 tədbir və görüş keçirən o qədər də çox beynəlxalq təşkilat adı çəkə bilmərəm.Bu növbəti dəfə onu göstərir ki, bizim ölkələrimizi bir araya gətirən və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş bu cür platformanın yaradılmasına böyük tələbat var idi.Qısa müddət ərzində bu cür irəliləyişə nail olaraq dövlət və özəl sektor nümayəndələrinin marağını cəlb edə biləcəyimizi yolumuzun əvvəlində bizə kim deyə bilərdi?!”
Azay Quliyev bildirib ki, Qədim İpək Yolu dünyanın böyük sivilizasiyalar arasında mübadilənin həyata keçirilməsini reallaşdıraraq ölkələri bir araya gətirib. Bu marşrut boyunca yerləşən bütün ölkələr tarixən mükəmməl iqtisadi və sosial resurslara malik olublar. Bu da öz növbəsində bu gün İpək Yolunun bərpa olunmasının təşviqini regionda qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımdan əhəmiyyətli edir. Qurulduğu gündən etibarən Qrup iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq, nəqliyyat infrastrukturunun, insanlar arasında əlaqələr və üzv ölkələr arasında mədəni mübadilə məsələləri üzrə dialoqun həyata keçirilməsi üçün əlverişli parlament platforması olub: “Şübhəsiz ki, effektiv çoxşaxəli nəqliyyat dəhlizlərinin qurulması yolu ilə regional və trans-regional infrastrukturun əlaqələndirilməsinin təşviqi və ticarətin sadələşdirilməsi ATƏT regionunda davamlı iqtisadi inkişafa nail olmağa kömək edə bilər. Bundan əlavə, ATƏT PA-nın dəfələrlə bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlərə dəstək verdiyini bir daha qeyd etmək istərdim. 2018-ci ildə Berlin şəhərində keçirilmiş ATƏT PA-nın illik sessiyasında qəbul edilmiş “Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə, o cümlədən qədim İpək Yolunun dirçəldilməsi vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin artırılması” adlı Qətnamənin vacibliyini də xüsusi olaraq vurğulamaq lazımdır. Bu Qətnamə İpək Yoluna Dəstək Qrupu üçün zəruri sənəd bazasının yaradılmasına yardım edib və əlaqəlilik faktorunun ölkələrimiz arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın həyata keçirilməsində əsas şərtlərdən biri olduğunu göstərib”.
İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev çıxışında deyib ki, “biz həmçinin üzv ölkələrimiz üçün hər hansı çətinlik yaradan məsələləri, dövlətlərin müxtəlif baxışlarını və yanaşmalarını bu platforma çərçivəsində müzakirə etməli, müəyyən ortaq anlaşmaya gəlməli və bu məsələlərin həlli üçün bütün mövcud potensialımızı səfərbər etməyə çalışmalıyıq”. Əminəm ki, bugünkü konfrans çərçivəsində həyata keçiriləcək müzakirələr İpək Yolunun yenidən dirçəldilməsi prosesinin tərkib hissəsi olacaq və ATƏT regionunda qarşılıqlı faydaya əsaslanan əlaqələrin və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yarada biləcək.