Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da möhkəmlənir

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.

Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsində və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirib. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürüb və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib.

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbulda keçirilmiş zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən və mübahisəli müzakirələrə səbəb olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair Sazişin Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım oldu.

Bundan əlavə, İstanbul Zirvə toplantısında regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın və Türkiyənin iştirakı ilə “Qafqaz paktı” yaradılması ideyası irəli sürüldü. Bununla yanaşı, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edildi. Heç şübhəsiz, bu layihənin reallaşması Azərbaycanın və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərəfli inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı.

2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu hadisə Ümummilli Liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşdü. Daha sonra regionda əməkdaşlığın genişlənməsi istiqamətində növbəti addım Bakı-Tbilisi-Qars layihəsinin 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən imzalanması oldu.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir. Eyni zamanda, Azərbaycanın iştirakı ilə həyata keçirilən, Asiya ilə Avropanı birləşdirən, tarixi İpək Yolunun bərpasına mühüm töhfə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda yaşayan xalqlara rifah gətirəcək.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini daha da möhkəmləndirməsi dövlətimizin xarici siyasətinin mühüm tərkib hissəsidir. 2010-cu il avqustun 16-da “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”nin, eləcə də “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” nin imzalanması mühüm əhəmiyyət kəsb edir.

Heç şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adıçəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu. 2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan, eləcə də iki ölkə nümayəndə heyətlərinin üzvləri arasında danışıqlar aparılıb və Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alqı-satqısına dair sazişlər imzalanıb.

Strateji Əməkdaşlıq Şurasının beşinci iclası əslində Bakıda keçirilməli olsa da, Türkiyədə baş vermiş terror hadisələri ilə əlaqədar bu toplantı təkrar Ankarada keçirildi. Azərbaycan Prezidentinin bu addımı həm bu hadisə ilə bağlı iki ölkənin birlikdə gücünü, həmrəyliyini, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirilir. 2016-cı il martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasında enerji, nəqliyyat məsələləri ilə yanaşı, müdafiə, hərbi və digər istiqamətlərdə əməkdaşlıq da müzakirə edilib və altı müqavilə imzalanıb.

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Bu tarixi mərasimdə layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı olduğu qeyd edilərək bildirildi ki, layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Azərbaycanın geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən körpü olmağa nadir imkan yaradır. Bu baxımdan, 2007-ci ildə təməli qoyulan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Qarsla Axalkalaki arasında dəmir yolu xəttinin inşası yolu ilə Bakının Tbilisi ərazisindən dəmir yolu vasitəsilə Qarsla, başqa sözlə, Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə tutan layihədir. Bu dəmir yolu ilə artıq Avropa Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşir və “Dəmir İpək Yolu” adlanan fasiləsiz dəmir yolu şəbəkəsi ortaya çıxır.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inteqrasiyasını daha da dərinləşdirəcək və onlara mühüm iqtisadi və strateji üstünlüklər qazandıracaq. Bugünə kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri ilə bir-birinə bağlanan bu iqtisadi əlaqələr bundan sonra dəmir yolu şəbəkələrini də əhatə edərək regional iqtisadi inteqrasiya istiqamətində ciddi addım atmış olur. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün yükdaşımalardan əldə edilən gəlirin artması baxımından çox zəruridir. Yəni, Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcək. Bu baxımdan, Bakı-Tbilisi-Qars ölkəmiz üçün iqtisadi baxımdan da vacib bir layihədir. Həmçinin bu layihə Azərbaycanın qeyri-neft məhsullarını xaricə ixrac etmək baxımından da əhəmiyyətlidir və burada yalnız tranzit ölkə olaraq iştirak etməyəcək, bu dəmir yolundan istifadə edərək öz məhsullarını xarici ölkələrə çıxaracaq. Bu mənada, Bakı-Tbilisi-Qars həm də ölkəmizin qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq.

Ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük əhəmiyyət daşıyır. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artıracaq, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldacaq. Bakıdan Türkiyənin Qars şəhərinə aparan yol oradan Ankara və İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manşa və Londona keçəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, eyni zamanda, bu təcavüzkar dövlətin işğalçılıq siyasəti ilə təcrid edilməyə çalışılan Naxçıvanın daha etibarlı dəmir yolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün də mühüm imkan yaradır. Belə ki, artıq gələcəkdə Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin də çəkilməsi ilə Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmir yolu əlaqəsi qura biləcək.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzinə çevrildiyini bir daha sübut etdi. Bu strateji layihə Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək. Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətin subyekti kimi nüfuzu daha da artacaq və çox əhəmiyyətli tərəfdaşlar qazanacaq.

Oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı keçirildi. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olundu və 6 mühüm sənəd imzalandı. İqtisadi sahədə imzalanmış sənədlərin böyük əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev preferensial, yəni, imtiyazlı ticarət sazişinin böyük məna daşıdığını və bu Sazişin qüvvəyə minməsi nəticəsində dövlətlərimiz arasında olan ticarət dövriyyəsinin də xeyli dərəcədə artacağını diqqətə çatdıraraq deyib: “…Bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayələrin həcmi artacaq və Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayə 20 milyard dollara çatmalıdır”. Dövlət başçısı, eyni zamanda, diqqətə çatdırdı ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli amildir, regionda sabitləşdirici rol oynayır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir.

 

Elçin Əhmədov

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının professoru, siyasi elmlər doktoru

.