AvtoManşetMüsahibəSiyasətSosialXəbər xətti

Vaqif Əsədov Dövlət Departamentinin xəbərdarlığından danışdı – MÜSAHİBƏ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Yeniavaz.com” saytının suallarını cavablandırıb.

– Vaqif müəllim, ABŞ Dövlət Departamenti Azərbaycana səfər etməyi planlaşdıran vətəndaşları üçün xəbərdarlıq yayıb. Xəbərdarlıq həm də bildirilir ki, Azərbaycanda yol qəzalarında ölüm halları yüksəkdir və hər il artmaqda davam edir.

– Azərbaycanda baş verən yol qəzalarını 20 il əvvəllə müqayisə edəndə görürük ki, hər il ölənlərin və xəsarət alanların sayında azalma müşahidə olunur. Küçə və yolların uzanması, genişlənməsi, müasir standartlara gətirilməsi, sürət həddinin artırılması, eyni zamanda “Yol hərəkəti haqqında” qanuna edilən əlavə və dəyişikliklərin nəticəsi göz önündədir. Bu qədər fərq varsa, bu qədər göstərici varsa, hər il yol qəzalarının sayı azalırsa, yol hərəkətində mədəniyyət səviyyəsi yüksəlirsə, deməli, nəticə müsbətə doğru dəyişib. Bu əslində sevindirici faktdır və ən azından düşünürük ki, belə də davam etsə, qısa bir müddətdə yol hərəkəti ilə bağlı olan göstəricilərdə inqilabi dəyişikliyin şahidi olacağıq. Yol-nəqliyyat hadisələri minimum səviyyəyə düşəcək.

– Qəzaların səbəblərini necə izah edərdiniz?

– Onunla razılaşıram ki, bəli, bizdə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb “Yol hərəkəti haqqında” qanunun tələblərinin pozulması ilə bağlıdır. Qaydalara əməl olunmamasından yol-nəqliyyat hadisələri baş verir. Bütün bunlara baxmayaraq, yol-nəqliyyat hadisələri ilə bağlı bütün göstəricilər təhlil olunanda müsbət dinamikanın müşahidə edildiyini deyə bilərik. Xəsarət dərəcələri belə yüngülləşib. Bu da aparılan təbliğat, dövlət yol polisinin keçirdiyi maarifləndirici tədbirlər, eyni zamanda tətbiq edilən yeni texnologiyaların nəticəsində mümkün olur.

– Yeni texnologiyaların tətbiqi deyərkən nələri qeyd edərdiniz?

– Bircə onu demək kifayətdir ki, bu gün “İ patrul” sistemi 6 ölkədə tətbiq edilir, o cümlədən, Amerikada və bizdə bu sistemdən istifadə edilir. “İ patrul” sistemi bu gün Türkiyədə, Dubayda, Almaniyada, Amerikada və bizdədir. Deməli, öyünməyə dəyər.

Amerikada yəqin ki, bizim internet saytlarında yaydığımız göstəriciləri bir qədər başqa formada təhlil eləyirlər. Görünür, ingilis dilinə tərcümə eləyəndə onlar başqa cür başa düşürlər.

Bu günə qədər ölkə üzrə yol-qəza hadisələrinin sayının 100-dən artıq azalması, eyni zamanda ölüm faktlarının sayının aşağı düşməsi, xəsarətlərin azalması, onların dərəcələrinin yüngülləşməsi yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəlməsi deməkdir.

– Bəs sizi narahat edən məsələlər nələrdir?

– Təbii ki, bəzi faktlar deyilməlidir – bizim mentalitetimizə bağlı olan təhlükəli vərdişlər var. Bununla razılaşaram. Fürsətdən istifadə edərək, müsbətə doğru dəyişən bir məqamı da qeyd etmək istərdim.

Vaxtilə təhlükəsizlik kəmərlərindən istifadə edən sürücülərin az idi. İndi sürücülərin 30-35 faizi təhlükəsizlik kəməri taxır. Ona görə yox ki, yol polisi onlara cərimə yazır, ona görə ki, insanlar, sürücülər, sərnişinlər şüurlu şəkildə başa düşürlər ki, bunu həm qanun tələb edir, həm təhlükəsizliyin təmin edilməsidir, həm də yol hərəkətində mədəniyyətdir.

Yenə də bir neçə göstərici barədə məlumat verək. Vaxtilə, demək olar əsas hərəkət iştirakçıları nəyəsə güvənib, nəyəsə inanıb “dosta zəng”, “bilmədim”, “görmədim”, “filankəsəm” kimi ifadələr işlədirdilər. Yəni ən azından bunu siz də bilirsiniz. Belə hallar var idi. İndi bu hallar sürücüləri və ya digər hərəkət iştirakçılarını məsuliyyətdən azad eləyirmi? Təbii ki, yox. Yəni mentalitetimizlə bağlı olan təhlükəli vərdişlər kölgə altında qalır, bu da istər-istəməz təhlükəsizliyin təmin edilməsində, həm də yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşmasında, küçə və yollarda təhlükəsiz vərdişlərin artırılmasında müsbət göstəricidir.

– Mentalitetlə bağlı olan həmin o təhlükəli vərdişlərin aradan qaldırılması mümkündürmü?

– O vərdişlərdən birdən yox, tədricən qurtulmağa çalışırıq. Nədir bunlar? Məsələn, səs siqnallarından istifadə edilməsi. Bilirsiniz, qanuna görə, səs siqnallarından istifadə etmək olmaz. Vaxtilə səs siqnalı verməklə kimisə çağırırdıq, səs siqnalı verməklə xudafizləşirdik. Vaxtilə bu belə idi, amma indi elə deyil.

– ABŞ Dövlət Departamentinin xəbərdarlığında Azərbaycanda yolların kifayət qədər təhlükəli olduğu da vurğulanır.

– Xeyr, mən bununla da razılaşmıram. Küçə və yolların uzunluğu ilbəil artır və bu yolların səviyyəsi standartların tələbinə uyğundur, maksimum sürət həddi 110 kilometr/saat göstərilir, bəzi sürətli yollarda 120 kilometr/saat sürətlə hərəkət mümkündür. Amerikada, ümumiyyətlə, inkişaf etmiş ölkələrdə avtomobilin 150, 160 kilometr/saatla hərəkət etməsi üçün magistrallar da var. Bu o deməkdir ki, Amerikanın bildirdiyi göstəricilər bizə aid deyil. Gündəlik həyat tərzimizə, ölkədə gedən proseslərə nəzər saldıqda bütün sahələr üzrə müsbətə doğru dinamika ilə hərəkət eləyirik. Mentalitetimizlə bağlı təhlükəli vərdişlər isə getdikcə unudulmalıdır.

– Təhlükəli vərdişlər çoxdurmu?

– Söhbət təkcə yüksək sürətdən getmir. Bəzi hərəkət iştirakçıları polis əməkdaşı olmadan öz hərəkətini tənzimləməyi bilmir. Yəni biz sanki ərazidə polis əməkdaşının olması ilə hərəkət edirik. Əslində belə olmamalıdır. XXI əsrdə bütün göstəricilərimiz yüksəkdir, amma küçə və yollarda polis əməkdaşlarının köməyi ilə hərəkət edirik. Şahidsiniz də, pik saatlarında sanki hamımız deyirik ki, ərazidə polis olsun. Paytaxtımızda kameralarla, videonəzarətlə hərəkət tənzimlənirsə, hətta yol-hərəkət qaydalarını pozanlar belə çox sadə üsulla aşkarlanaraq məsuliyyətə cəlb edilirlərsə, yol polisləri niyə durmalıdır orada? Yəni bu o deməkdir ki, bizim xüsusiyyətimizdə bu nöqsanlar var.

Ərazidə polis olmayanda fikirləşirik ki, nə istəsən, etmək olar. Az bir hissəmizdə, yəni bəzi hərəkət iştirakçılarında bu xüsusiyyət, bu təhlükəli vərdiş olduğundan istər-istəməz böyük bir auditoriyaya, sürücülərə təsir edir. Bəzi sürücülər avtomobili yolun hərəkət hissəsində saxlayırlar – adını da qoyurlar mağazadan çörək, dərman alırdım və s. Taksi fəaliyyəti ilə məşğul olanların da bəziləri belə edirlər. Deyirlər ki, biz çörək qazanırıq. Çörəyini qazan, ancaq yolun hərəkət hissəsində dayanıb bir çox sürücülərin hərəkətinə mane olmaq nə dərəcədə düzgündür? Deməli, məcburuq ki, həmin ərazidə yol polisləri dursunlar və narahatlıq olmasın.

Bəzi ərazilərdə yol polisi nəfərləri olmasa, intizamsızlığa meyilli olan sürücülər – tələbləri, qaydaları pozmaqla çörəkpulu qazmaq istəyənlər – narahatlıq yaradır. Polis əməkdaşlarımız onları aşkar eləyir və cəza tətbiq etməklə qarşısını alır. Bu tədbirlər mütəmadi davam etdikcə belələrinin sayı azalır.

– Vaqif müəllim, protokol yazılma halları azalır, yoxsa artır?

– Dayanma-durma tələblərinin pozulması ilə bağlı vaxtilə günə 1000 protokol yazılırdısa, indi tədricən sayı aşağı düşüb. Getdikcə tələbi yerinə yetirənlərin sayı artır. Sürücü, hərəkət iştirakçısı cəzalandıqca ona təsir eləyir və müsbət göstəricilər əldə etməyə imkan verir.

Hazırda bizim ən böyük problemimiz sürücü-piyada münasibətlərinin tənzimlənməsindədir. Qalan bütün göstəricilərimiz yaxşıdır. Piyada vurma ümumi hadisələrin 67 faizini təşkil edir ki, bəli, ciddi narahatlıq doğurur. Hadisələr əsasən harada baş verir? Piyada keçidlərində, piyada keçidlərinə yaxın məsafələrdə. Biri deyir “mən yaşlıyam, ora qalxa bilmərəm”, biri deyir “nə olar ki”. Bütün bunların hamısı bəhanələrdir. Hər bir yol ayrıcına, hər bir avtobus duracağına, piyada keçidlərinin yanına, polis nəfərini sutka ərzində təhkim edib xidmət aparmasını təmin etmək mümkün deyil.

Əgər il ərzində yüzminlərlə protokol yazırdıqsa, bu göstərici aşağı düşüb. Avtomobili sərxoş vəziyyətdə idarə edənlərin sayı da getdikcə azalır. Cəza mexanizminin tətbiq edilməsi müsbət göstəricilər əldə etməyə imkan verir. Təkrar edirəm, yeganə bir mənfi göstərici piyadaların vurulmasıdır. Bununla bağlı da çalışırıq. Hesab edirəm ki, bu məsələdə də təkcə yol polisi əməkdaşları ilə müsbət göstərici əldə etməməliyik. Sizlərin də iştirakı ilə bununla bağlı təbliğat aparmalıyıq. İnsanların şüuruna təsir edəcək şəkildə başa salmalıyıq ki, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində hər kəsin bir məsuliyyəti var. Tələbləri yerinə yetirməklə o şəxs həm öz təhlükəsizliyini təmin edir, həm də başqa hərəkət iştirakçılarını təhlükədən qoruyur. Yol polisi olaraq vəzifəmizi bir neçə sahə üzrə tətbiq etməklə yerinə yetiririk. Yəni hərəkəti təşkil edirik, bu bizim vəzifəmizdir, sonrakı mərhələlərdə təbliğat aparırıq, hüquq və vəzifələri izah edirik, daha sonra isə nəzarət mezanizmləri vasitəsi ilə qayda pozanları aşkarlayıb məsuliyyətə cəlb edirik ki, xətaların sayı azalsın, yol-nəqliyyat hadisələri baş verməsin. Bu, bütün dünyada da, bizdə də belədir. Nəqliyyat, sürücü, sərnişin, piyada, yol varsa, hadisələr də qaçılmazdır.

Mentalitetimizlə bağlı təhlükəli vərdişlərdən uzaq olsaq, hadisələrin sayı minimuma enər.

– Sosial şəbəkələrdə bəzən Azərbaycanı yol qəzaları ilə bağlı İsveçrəylə müqayisə edirlər…

– İsveçrə kimi bir dövlətlə bizi müqayisə etsək görərik ki, son illər müsbət dəyişikliklər çoxdur. İsveçrənin ərazisi ilə əhalisi Azərbaycanın ərazisi və əhalisinin sayına uyğundur. Fərq nədir – orada avtomobillərin ölkə üzrə sayı 5 milyondan artıqdır, bizdə 1 milyon 400 minə qədərdir. Orada sürücülərin sayı 5 milyondan artıqdır, bizdə 1 milyon 400 minə yaxındır. Orada yol-nəqliyyat hadisələrində ölüm halları təxminən 300-350 arasında olur. Bizdə bu göstərici 20 il əvvəl 3 minə yaxın idisə, indi 800-ə enib.

Mən yeri gəlmişkən, sizin köməyinizlə müraciət etmək istəyirəm – hörmətli hərəkət iştirakçıları, hörmətli sürücülər, hörmətli piyadalar, sərnişinlər, “Yol hərəkəti haqqında” Qanunun tələblərini yerinə yetirin ki, ən azından öz təhlükəsizliyiniz təmin olunsun. Eyni zamanda hərəkətimizi, istiqamətimizi ərazidə yol polisi nəfərinin xidmət aparması ilə əlaqəli müəyyənləşdirməyək. Sərbəst halda getdiyimiz istiqaməti əvvəlcədən özümüz təyin eləyib, özümüz də o istiqamətlər üzrə təhlükəsizliyimizi təmin edək, tələblərə uyğun hərəkət edək.

– Bakıda yolların uzunluğu hazırda neçə kilometrdir, dəyişiklik varmı?

– Bakı şəhəri üzrə vaxtilə yolların uzunluğu 2013 kilometr idisə, indi 2300 kilometrdən artıqdır. Təkcə Bakı şəhəri üzrə yollarımız 250 kilometrdən çox uzanıb, müasir standartlar səviyyəsində uyğunlaşdırılıb. 26 yaşlı gənc bir dövlətik. Bu 26 ildə bütün sahələr üzrə paralel inkişaf prosesindəyik. Hər şeyi 1 gündə əldə etmək mümkün deyil. 20 il əvvəl yollarda hər il 3000 adam itirirdik, indi onların sayı 800-ə enib. Bu özü yollarımızda mədəniyyət səviyyəsinin yüksəlməsindən xəbər vermirmi? Ola bilər ki, əldə olunan yüksək göstəriciləri Amerika qəbul eləyə bilmir…

Biz yol hərəkəti qaydasını pozan xəstə, yaşlı bir xanımı cəzalandırmağa yox, əksinə, ona kömək eləyib yoldan keçirməyə üstünlük veririk. Yaxud azyaşlı bir uşaq xəta törədirsə, onu cəzalandırmırıq, yaşlı bir kişi “Yol hərəkəti haqqında” qanunun tələbini pozursa, biz onu inzibati qaydada məsuliyyətə cəlb etməkdən çox, onu bağışlamağa üstünlük veririk. Çünki bu bizim mentalitetimizdə var. Onun yaşına, onun münasibətinə hörmət edirik. Bu bizim qanımızda var, bunu etiraf etməliyik. Azərbaycan xalqının dünyaca məşhur olan çox gözəl spesifik xüsusiyyətləri var. Qonağa hörmət, yaşlıya hörmət, qadına hörmət, kişiyə hörmət, tanınmış şəxslərə belə hörmət edirik. Bunlar niyə pis göstərici olmalıdır ki? İnzibati cəza sanksiyalarının tətbiq edilməsi ilə yanaşı, ictimai qınaq metodlarından istifadə etdikcə daha təsirli göstəricilər əldə edirik.

Amerika isə əksinə informasiya yayır, guya bizdə… Yəqin ki, orada yaşayan erməni xasiyyətli insanların qarışıqlıq yaratmaq üçün verdiyi informasiyadır.