Xəbər xətti

Azər Allahverənov Miqrasiya Məktəbində mühazirə ilə çıxış edib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən Miqrasiya Məktəbində ”Azərbaycanda miqrasiyanın idarə olunmasında qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda mühazirə ilə çıxış edib.

Aktor.Az xəbər verir ki, mühazirədə ötən əsrin 80-ci illərinin axırlarında başlayaraq Azərbaycan Respublikasında geniş vüsət alan miqrasiya prosesləri və onların idarə olunmasında fəal iştirak edən qeyri-hökumət təşkilatlarının rolu barədə danışılıb. Bildirilib ki, həmin illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində geniş miqyas alan qaçqın və məcburi köçkün probleminin yaranması və bu səbəbdən ölkənin humanitar böhranla üz-üzə qalması bu sahədə ixtisaslaşan vətəndaş cəmiyyəti institutlarının formalaşmasına, qaçqın və məcburi köçkünlərin hüquq və azadlıqlarının təmin olunması, yaşayır yerinin yaxşılaşdırılması, sosial, tibbi, məşğulluq və digər sahələrdə problemlərinin həll edilməsi istiqamətində fəallaşmasına səbəb olmuşdur. Bununla yanaşı həmin dövrdə Azərbaycanda icra edilən Miqrasiya Sektorunun İnkişaf Proqramı həmin fəallığın güclənməsinə səbəb olmuşdur. Miqrasiya ilə məşğul olan QHT-lərinin Forumunun yaradılması bu sahədə çalışan ictimai təşkilatların potensiallarının artırılması və miqrasiya siyasətinin konseptual əsaslarla icra edilməsi istiqamətində ciddi nailiyyətlərin əldə olunması ilə nəticələnmişdir. Belə ki, məhz bu fəallıq sayəsində ölkənin miqrasiya qanunvericiliyi təkmilləşmiş, dövlət miqrasiya siyasətinin daha mütəşəkkil əsaslarla icra edilməsi üçün konseptual və institusional əsaslar yaradılmışdır. Məruzədə qeyd edilib ki, miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları son 25 il ərzində böyük bir inkişaf yolu keçmiş, zəngin təcrübə qazanmış və bu gün də miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinin icra olunmasından fəal iştirak edirlər. Dövlət Miqrasiya Xidməti yanından fəaliyyət göstərən İctimai Şura Azərbaycanda miqrasiya sahəsində tərəfdaşlığın bir çox müstəvilərdə geniş səpkidə qurulması, miqrasiya proseslərinin effektiv idarə olunması ilə bağlı çoxsaylı təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən ictimai qurumdur.

Ümumi məlumat üçün bildirilib ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ötən ilin noyabr ayından etibarən “Miqrasiya Məktəbi” layihəsinə başlanılmışdır. Məktəb gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədi daşıyır. Miqrasiya Məktəbi çərçivəsində iştirakçılar miqrasiya prosesləri, miqrasiya axınlarının idarə olunması, miqrasiya siyasətinin formalaşdırılması, müxtəlif kateqoriyalardan olan miqrantlara münasibətdə tətbiq olunan yanaşmalarla tanış olurlar. Proqram çərçivəsində miqrasiyanın cəmiyyətə ictimai, siyasi və iqtisadi təsirlərinin öyrənilməsi, həmçinin beynəlxalq tendensiya və çağırışlar barədə məlumatlandırılma vasitəsilə maraqlı şəxslərin bu sahə üzrə nəzəri və praktiki biliklərinin artırılması və miqrasiya üzrə araşdırmaların dəstəklənməsi əsas hədəflərdəndir. Altı ay ərzində fəaliyyət göstərəcək Miqrasiya Məktəbində miqrasiyanın müxtəlif sahələrinə həsr olunmuş 30 təlim keçiriləcəkdir. Gözlənilir ki, məktəbin iştirakçıları miqrasiya üzrə ümumi məlumat, beynəlxalq səviyyədə idarəetmə, Azərbaycan Respublikasının bu sahə üzrə təcrübəsi, həmçinin hüquqi və institusional baza barədə nəzəri biliklər əldə edəcəklər. Eyni zamanda, iştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin (DMX) müvafiq struktur bölmələrinin işi ilə tanış olmaq və təcrübə keçmək imkanı qazanacaqlar, eləcə də DMX və ya onun beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunan digər təlim və tədbirlərdə iştirak edəcəklər. Proqramın sonunda təlimi uğurla tamamlamış iştirakçılara sertifikatlar veriləcəkdir.