ManşetMedia

Barəmizdə yalan tirajlayanlarla bağlı qeydlər

2019-cu il çox gərgin başladı. Baş qaşımağa vaxt yoxdur. Başa düşürük, qarşıda bizi böyük siyasi proses gözləyir. Ona görə də hər kəs, o cümlədən biz də boş dura bilmərik və durmuruq da. Belə gərgin bir ortamda kimlərsə başını itirir, kimlərsə əsl mahiyyətini ortaya qoyur, kimlərsə fürsətcillik edir.

Biz, hər zaman olduğu kimi konkret və açıq mövqedəyik. İstər siyasi, istər ictimai, istərsə də media fəaliyyətimiz həmişə olduğu kimi aydındır, birmənalıdır. Qapılar arxasında da oyun oynadığımız yox. Zatən mahiyyətimiz buna imkan vermir, verməz də.

Və bütün bu prosesdə bir daha əmin oldum ki, şəxsimlə bağlı yalan tirajlayanlar fürsəti fövtə vermədilər. Yazdılar, yaydılar, məndən gizlədərək tirajladılar ki, cavab verə bilməyim. Dostlar sağ olsun, hər zamankı kimi yenə də görən gözüm, eşidən qulağım, danışan dilim oldular. Ona görə də ətrafda baş verənlərdən xəbər tutduqca tutdum.

Nədir yalanlar? Ənənəvidir. Yeni bir şey uydurmamışdılar, amma son anda “Azadlıq” qəzetindən qədim həmkarım Rövşən Hacıbəyli birini uydurdu. Cavabını da verdik əlbəttə. Bu haqda aşağıda fikrimiz olacaq.

İddia edirlər ki, sosial mediada barəmdə tənqid yazanları ucdantutma “sürü” adlandırıram. Haşa! Mən o əxlaqın, o tərbiyənin sahibi deyiləm, olmağım da mümkün deyil. “Sürü” dediklərim o kəslərdir ki, dəfələrlə ən mədəni və nəzakətli şəkildə müraciət etməyimə baxmayaraq söyüş söyürlər, nəzakət qaydalarını gözardı edirlər. O dürdən olanları xəbərdar edir, sonra da birdəfəlik əngəlləyirəm ki, dəyərli vaxtımı almasınlar. Yaxud da öz kinlərini gedib kənarda qussunlar.

Sonra iddia edirlər ki, Elmar Hüseynovun ölümüylə bağlı mövqeyimi dəyişmişəm. Əsla! Heç bir mövqe dəyişikliyi yoxdur, ola da bilməz! Necə ki, 2015-ci ildə Elmar Hüseynovun qatil(lər)inin tapılıb cəzalandırılmasını tələb edirdim, bu gün də o tələbimdə qalıram. Hələ onu da deyim ki, Elmar Hüseynovun qatillərinin tapılması üçün çağırışlarımı son illər ərzində bir sıra beynəlxalq qurumların çox nüfuzlu toplantılarında da dilə gətirmişəm. Gətirməyə də davam edəcəm. ATƏT, Avropa Şurası, UNESCO və bənzəri təşkilatların müxtəlif tədbirlərində bu çağırışım bundan sonra da səslənəcək.

Daha bir iddia da odur ki, partiyama xəyanət edib hakimiyyət tərəfə keçmişəm. Kökündən yalan və yanlış iddiadır! Mən Azər Həsrət bu yaşıma qədər heç vaxt nəinki heç bir siyasi partiya, heç adi siyasi dərnəyin belə (KomSoMol xaric) üzvü olmamışam. Yalnız ictimai birliklərin qurucusu və üzvü olmuşam, media fəaliyyətimlə gündəmdə qalmışam.

Sadəcə olaraq onu əlavə edim ki, bir vaxtlar səmimiliyinə və ideologiyasına inanıb-güvəndiyim siyasi kampaniyaları dəstəkləmişəm. Amma zamanla anlamışam ki, o dəstəklədiklərim bizi aldadıb, satıb, bizdən istifadə edib. Bunu anlayınca da onlardan birdəfəlik üz döndərmişəm və düz də etmişəm. O kəslərin əbədi alver predmeti olmaqla bağlı kiminsə qarşısında öhdəliyim yoxdur. Ümumiyyətlə isə heç bir siyasi təşkilatın qarşısında hansısa öhdəliyim olmayıb, bu gün də yoxdur.

Tez-tez səslənən yalanlardan biri də TV ekranlarından müxalifəti söydüyümlə bağlıdır. Bəziləri iddia edir ki, əlimə düşən efir imkanından istifadə edərək müxalifəti söyürəmmiş. Heç nə demirəm, yalnız o söyüşləri təsdiq edəcək bircə saniyəlik sübut ortaya qoyun, ömürlük mediadan da, siyasətdən də uzaqlaşıram. Əlavə olaraq hər kəsdən üzr istəməyə də hazıram.

Hə, əgər siyasi şərhlərimi, təhlillərimi bəyənmirsinizsə, buna sözüm yox. Bəyənməmə haqqınıza, tənqid hüququnuza hörmətlə yanaşıram. Hələ çox sevinərdim ki, fikirlərimi əks arqumentlərlə alt-üst edənlər çıxsın ortaya.

Gündəmdə olan məsələ – Mehman Hüseynovun işi də barəmdə yalanların tirajlanması üçün bəhanə oldu bu dönəmdə. Başa düşürəm, məsələyə ən fəal reaksiya verənlərin önündə gedirəm, barəmdə müzakirə açılması təbiidir. Lakin burda da yalan tirajlanır. Ona görə də izah etməyə məcburam.

Birincisi, Mehmanın həbsdə qalmasını arzu etmirəm. Baxmayaraq ki, ona heç vaxt rəğbətim olmayıb, yəqin ki, bu gedişlə olan da deyil. Lakin düşünürəm ki, onun hazırda üzləşdiyi durum siyasi manipulyatorlar üçün qida mənbəyi olmaqdan çıxmalıdır. Əksəriyyət özünü elə aparır ki, guya Mehmanın azadlığı üçün çalışırlar. Əslində isə həmin o insan haqları dəllallarının məqsədi bu olayı daha da körükləndirib para qazanmaqdır. Düzdür, Mehmanın azad olunması üçün səmimi çalışanlar da yox deyil. Lakin onların səsi ümumi xorda o qədər də eşidilmir. Eşidilərdi, sadəcə o küyçülər buna da imkan vermirlər.

Bir də siyasi mövqeyimlə bağlı sətirarası sual verən, şübhə toxumu səpmək istəyənlər gözə dəyir. Azdırlar, qabarıq görünmürlər, lakin mümkündür ki, hardasa kiməsə nəyisə sübut etməyə çalışsınlar. Onlara baş qoşmuram. Sadəcə deyirəm ki, mənim siyasi mövqeyim göründüyü kimidir. Arxada bir cür, üzdə başqa cür olanlardan deyiləm.

Rövşən Hacıbəylinin uydurduğu yalana gəlincə, adam iddia edir ki, hazırda ARB-də ən aparıcı siyasi verilişlə (“Günə baxış”) hər gün görüşümüzə gələn dəyərli həmkarım İbrahim Məmmədovla heç vaxt bir-birimizlə yola getmirmişik.

ARB TV-də İbrahim Məmmədovla Azər Həsrət

Heyrət etdim və bu cavabı verməli oldum: “Rövşən bəy, yaşlandıqca, deyəsən sənin də yaddaşın qarışır və qarabasmaların olur. Mənim İbrahim bəylə həyatda heç bir zaman problemim olmayıb. İbrahim bəylə kəsişən yolum da olmayıb ki, yola getməyək. Bunu hardan uydurursan? İkincisi də, mən çörəyə heç bir zaman möhtac olmadım, olan da deyiləm. Bilirsən, niyə? Səndən fərqli olaraq zəkam, dünya görüşüm və əlaqələrim mənim evdə oturduğum yerdə çörək qazanmağıma imkan verir. Nə sizinlə dost olanda, nə də indi kimsədən asılı olmadım, kimsənin də əlinə baxmadım. Buyur, xatırla görüm “Azadlıq”da oturanda mənə bir qəpik faydanız dəyibmi? Əksinə, mən imkan olanda sizin binadakı otağıma görə icarə haqqı verirdim, bütün avadanlığım qəzetin ixtiyarında idi, ehtiyac olanda istifadə üçün. Üstəlik də mən 1999-dan 2005-in sonuna kimi o qəzetdən bir qəpik pul almadım. Halbuki ən fəal yazarlardan idim. Bütün bunları necə unudar, adamın arxasınca necə yalanlar uydurarsınız? Ayıb deyilmi? Arada az-çox sayğı saxlamağa çalışırıq, onu da yerə vurmayın. Siz hələ də anlamırsınızmı ki, Azər Həsrət çörək üçün deyil, doğru bildiyi üçün mövqe tutar? İndi həyatda bir səhv etdik, sizin arxasınca hələ də süründüyünüz fırıldaqçıları səmimi siyasət adamları sandıq, dəstək verdik. Onlar da bizdən və imkanlarımızdan vicdansızcasına istifadə etdilər, Azərbaycan hakimiyyətilə bağlı qapılar arxasında alver etdilər, cici-bacı oldular, bizi satdılar. Nə etməliydik bunu biləndə? Hələ də sizin arxanızsa sürünməliydikmi? Biz, dövlət adamıyıq, dövlətimizin faydası üçün harda lazımsa, orda da durarıq. Bunu anlamaq istəmirsinizsə, öz işinizdir. Amma mənə və İbrahim bəyə əsla böhtan atmayın. Nə İbrahim bəy, nə də mən bir-birimizlə problem yaşayacaq adamlar deyilik. Bizim qarşılıqlı sayğımız var, güvənimiz var. Hə, aramıza su səpmək fikriniz varsa, başqa məsələ. Sizi indidən əmin edirəm: boşuna zaman xərcləyirsiniz”.

Yuxarıda qeyd etdim, bu il bizi böyük proseslər gözləyir. Ona görə də gündəmdə olacağıq. Gündəmdə olmaqsa odur ki, kölgəmizi baltayanların yuxusunu qaçıracağıq. Onlar da əvəzində haqqımızda yeni yalanlar uyduracaqlar. Biz də hər kəsdən rica edərdik ki, barəmizdə deyilənləri orda-burda deyil, elə özümüzlə müzakirə edin. Ortada sayğı olduqca, ədəb və nəzakət çərçivəsi aşılmadıqca, hər kəslə müzakirəyə açıq və hazır olmağa davam edəcəyik. Bu, belə bilinə.