DünyaGündəmManşetSiyasətXəbər xətti

“Söyüş şəbəkəsi” mütəşəkkil cinayətkar dəstədir

Müxtəlif vaxtlarda Avropa ölkələrinə sığınan anti-milli ünsürlər sosial şəbəkələr vasitəsilə Azərbaycanın dövlət atributlarına, ictimai xadimlərinə, tanınmış insanlara qarşı təhqir və böhtanlar yağdırırlar. Heç şübhəsiz ki, “söyüş şəbəkəsi”nin arxasında Azərbaycana təzyiq göstərməyə cəhd edən müxtəlif mərkəzlər dayanır. Belə olmasaydı, “söyüş şəbəkəsi”nə daxil olanların hər biri təhqiramiz ifadələrlə dolu, terrorizmə, separatçılığa, hətta cinayətə təşviq edən çağırışlar etməz və cəzasız qalmazdılar. Amma ümumilikdə bu qənaətə gəlmək olar ki, “söyüş müxalifəti”ndə təmsil olunanlar əslində mütəşəkkil cinayətkar dəstənin üzvləridir. Bəs onların zərərsizləşdirilməsi üçün hansı addımlar atılmalıdır? 

Milli Məclisin deputatı Elşən Musayev hesab edir ki, “söyüş müxalifəti” ifadəsinin anlamı çox ağırdır: “Lakin bunu qəbul, həzm etməyin, üstəlik məlum durumla fəxr etməyin özü artıq ondan xəbər verir ki, xaricdə yaşayıb ölkəmizə nifrinlər püskürənlərin mahiyyəti nədir. Bəli, fəxr edirlər. Fəxr edirlər ki, söyüş söyürlər, təhqir edirlər, ağızlarından, burunlarından, dillərindən, gözlərindən zibil tökülür, vicdansızlıq süzülür. Özü də 5-10 manata görə. Onlar məhz buna görə əqidələrini, şəxsiyyətlərini satıblar və buna görə də itirəcəkləri bir şey yoxdur. Ona görə də erməni lobbisinə, Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələrin hər təklifinə “hə” deyirlər.
Yadınızdadırsa, yaxın aylarda bu şəbəkənin iki üzvü arasında kəskin pul davası oldu. Bir-birini açıqca ittiham etdilər ki, filankəs qrant verib, amma mənim payımı düz çatdırmamısan. İndi onlar millətçilikdən, dövlətçilikdən necə danışır, anlaya bilmirəm. Orduxan da, Tural da, Mirzəli də, təzə peydahlanan Şakir də, narkoman Vidadi də eyni bezin qıraqlarıdır. Onlar xüsusi qüvvələrdən təlimat alırlar, şəbəkə formasında fəaliyyət göstərirlər, Azərbaycanın düşmənlərinin əmrlərini icra edirlər.

Dəfələrlə parlamentdə çıxışım zamanı bu anti-milli ünsürlərə qarşı ilk olaraq cinayət işinin açılmalı olduğunu demişəm. Onlara qarşı ən azından qiyabi ittiham elan olunmalıdır. Bu yaxında mediadan oxudum ki, artıq Orduxan Teymurxan haqda cinayət işi açılıb. Digərlərini də təcili bu siyahıya əlavə etmək lazımdır. Bundan sonra bir çox dövlətlərlə ekstradisiya müqavilələri yenidən incələnməlidir. Tutaq ki, Fransa ilə belə bir müqaviləmiz yoxdur, amma yenə də bu tələbi irəli sürmək olar. Ardınca, həmin nankorların videoları ingilis dilinə tərcümə edilərək, məskunlaşdıqları dövlətlərin hüquq-mühafizə orqanlarına göndərilməlidir. Bunu ən azından izahat tələbi ilə etmək lazımdır. Şəxsən mənə çox maraqlıdır, cavab nə olacaq”.

E.Musayev əlavə etdi ki, “söyüş müxalifəti”ndə yer alan bu cür tərbiyəsizlərin video bloklarının Azərbaycanda yayılmasına yasaq qoyulmalıdır: “Eyni ilə “Azadlıq” radiosu, “Azadlıq” qəzeti, “Meydan Tv” kimi. Çünki bunların fəaliyyəti siyasi deyil, dövlət və dövlətçilik əleyhinə qəsddir. Bu, həm zehni, həm mənəvi, həm faktiki cəhətdən belədir. Diqqət edin, həmin videolarda yalnız baş kəsməyə, inqilaba, iğtişaşa, digər ağır cinayətlərə çağırışlar var. Bunun qarşısı alınmalıdır. Bu anti-milli ünsürlər bir şəkildə susdurulmalı, ölkəyə gətirilməli və onların qanun, ədalət qarşısında cavab verməsi təmin edilməlidir”.

“Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirdi ki, sosial şəbəkələrdə etik normaların pozulması, qanuna zidd çağırışlar olur: “Təəssüflər olsun ki, sosial şəbəkələrdə mövcud olan və xaricdə oturub özünü “siyasi mühacir” adlandıran “söyüş müxalifəti” bütün hədləri aşıb. Heç bir halda buna dözmək,  həzm etmək mümkün deyil. Çünki onların çağırışlarında etik prinsiplər pozulur, qanuna zidd əməllər özünü göstərir. Onların bu addımları mahiyyət etibarı ilə sırf cinayət xarakterlidir. “Söyüş müxalifəti”ndə təmsil olunanlar açıq şəkildə dövlətçiliyə qarşı çıxırlar, terrorizmə, separatçılığa, insanlıq əleyhinə yönələn çağırışlar edirlər. Bu çağırışlarla insanları cinayət törətməyə səsləyirlər. Məhz bu baxımdan, onların fəaliyyəti cinayət məsuliyyəti yaratdığına görə məsələ ilə bağlı hüquq-mühafizə orqanları müvafiq addım atmalıdır. Azərbaycan müxtəlif beynəlxalq konvensiyalara qoşulub və bu baxımdan insanları açıq cinayət törətməyə səsləyən şəxslərlə bağlı dövlətimiz tərəfindən hüquqi addımlar atıla bilər. Bu cinayət əməllərini özündə ehtiva edən maddələr tək Azərbaycan deyil, eləcə də beynəlxalq qanunvericilikdə də yer alır. Düşünürəm ki, hüquq-mühafizə orqanları insanları açıq qarşıdurmaya səsləyən bu şəxslərlə bağlı müvafiq müraciətlər etməlidir və onlar məsuliyyətə cəlb olunmalıdırlar”.

E.Behbud “söyüş müxalifəti”ndən olan V.İsgəndərlinin hərəkətləri ilə bağlı Fransa hökumətinə ünvanlanan müraciətə toxunaraq qeyd etdi ki, bu petisiya mənəvi dəyərlərimizə, xalqımızın milli xüsusiyyətlərinə, həyat tərzinə bu və ya digər dərəcədə aidiyyatı olmayan üsullarla özlüyündə “siyasi” fəaliyyətlə məşğul olduğunu düşünən, əslində isə iyrəncliyin dibinə enən şəxslərə qarşıdır: “Bunlar hesab edirlər ki, əgər Azərbaycan dövlətinin sərhədlərindən kənardadırlarsa, hər cür qanunsuzluq və əxlaqsızlıq edə bilərlər. Ancaq biz hamımız yaxşı bilirik ki, terrorizmə, müxtəlif cinayətlər törətməyə çağırış dünyanın bütün ölkələrinin qanunvericiliyinə görə cinayət məsuliyyəti yaradır. Ən vulqar, kəskin ifadələr belə, bu cür şəxslərə münasibətdə qeyri-adekvat, yumşaq rəy kimi görünür. Ona görə hesab edirəm ki, bütün ictimai fəallar, eləcə də vətəndaşlarımız siyasi fəaliyyətlə yox, cinayət fəaliyyəti ilə məşğul olan məlum anti-Azərbaycan şəbəkəsinin murdar fəaliyyətinə etirazını bildirməkdə davam etməlidir”.