Strasburqda ”Azərbaycan qadını – 100 il” Forumu baş tutub – FOTO

Gənclər Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində ”Azərbaycan qadını – 100 il” Forumu baş tutub.

Gənclər Fondundan Aktor.Az-a verilən məlumata görə, forumda İtaliya, Polşa, Almaniya və Fransada təhsil alan və yaşayan Azərbaycanlılar eyni zamanda, Fransa, Ukrayna, Rusiya, Türkiyə, Qırğızıstan dövlətlərindən olan nümayəndələr iştirak edib.

Forumun açılış mərasimində ”Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli çıxış edərək forumun məqsədindən və qarşıya qoyulan hədəflərdən bəhs edib.

Daha sonra Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulcahy çıxış edərək 100 il öncə əksər Avropa ölkələrindən daha əvvəl Azərbaycanda qadına seçki hüququnun verilməsinin önəmini qeyd edib.

Forumun ilk günü baş tutan panellərdə çıxışçılar Azərbaycan qadınının 100 il ərzində keçdiyi həyat yolundan bəhs edən məruzələr ilə çıxış ediblər.

Forumun 2-ci günü iştirakçıların bir qrupu Avropa Şurasına səfər etmişdir. Daha sonra baş tutan paneldə “Azərbaycan – Fransız Universiteti” nin direktoru Vazeh Əsgərov video zəng vasitəsilə Foruma qoşularaq Diaspora fəaliyyəti haqqında geniş çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Eyni zamanda xüsusi olaraq bu forum üçün hazırlanmış film nümayiş olunub.

Forumun işçi dili Azərbaycan və Fransız dilləri olub.

.