UEG prezidenti Mehriban Əliyevanın uğurlarından danışdı

Azərbaycanda gimnastikanın inkişafına və bütün uğurlara Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyevanın siyasəti sayəsində nail olunub.

Bunu Trend-ə müsahibəsində Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov deyib.

F.Qayıbov bildirib ki, rəhbər Federasiyanın necə işləyəcəyini, onun siyasətini və nə etmək lazım olduğunu müəyyən edir: “Şükür Allaha ki, Azərbaycan Gimnastika Federasiyasının bu cür prezidenti var, hər kəs belə rəhbər arzulayır. Azərbaycanda gimnastikanın inkişafına və bütün uğurlara Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın siyasəti sayəsində əldə olunub. AGF-nin Azərbaycanda gimnastikanın inkişafı üçün nələr etdiyini və Federasiyanın son 16 il ərzində hansı işlər gördüyünü bilirəm. Bu gün heç bir yerdə Azərbaycanda olan gimnastika arenası kimi arena yoxdur. Bu arenada istənilən vaxt istənilən yarışı keçirmək mümkündür. 2019-cu ildə Bakıda gimnastika növləri üzrə yarışların çox yüksək səviyyədə təşkil olunacağına şübhə etmirəm”.

UEG prezidenti qeyd edib ki, AGF sabit şəkildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ən yaxşı federasiyaları reytinqinə daxil olur:

“Bir neçə il əvvəl Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə komitəsi ən fəal federasiyaların mükafatlandırılması barədə qərar qəbul edib. Fəal federasiyalar FIG-in tədbirlərini keçirən, dünya çempionatlarında iştirak edən, beynəlxalq turnirlər üçün iştirak ərizələrini vaxtında göndərən və s. federasiyalar hesab olunur. Bu bəndlərin hər birinə görə xal toplanır, sonra xallar hesablanır. Bu reytinq tərtib edildiyi gündən AGF həmin siyahıda yer alıb, 2017-ci ildə isə FIG reytinqinə liderlik edib. 148 federasiya arasında birinci olmaq böyük nailiyyətdir. Bu, aparılan işlərin göstəricisidir”.

İlin yekunları

F.Qayıbov vurğulayıb ki, 2018-ci il Avropa Gimnastika İttifaqı üçün uğurlu və dolğun il olub. Çoxsaylı çempionatlarla yanaşı, digər tədbirlər, o cümlədən gimnastika festivalları keçirilib:

“UEG-yə 8 gimnastika növü daxildir və onların bir çoxu üzrə Avropa çempionatları keçirilib. Cari ilin avqustunda Qlazqoda keçirilmiş Avropa çempionatını qeyd etmək istərdim. Bu xüsusi layihə çərçivəsində ilk dəfə 7 növün daxil olduğu multiidman yarışları keçirildi. Bu, o cümlədən televiziya tamaşaçıları üçün çox maraqlı layihə oldu, çünki onlar eyni vaxtda bir neçə Avropa çempionatını izləyə bildilər. Bizim üçün çempionat onunla əlamətdar oldu ki, idman gimnastikası yarışlarını xeyli sayda tamaşaçı izlədi, televiziyadan çox gözəl rəylər alındı, tribunalar doldu. Tədbir özü çox yüksək səviyyədə təşkil olunmuşdu.

Bundan başqa, Lyej şəhərində “Eurogym” gimnastika festivalı keçirildi. Bu tədbiri Belçika Kraliçası Matilda da izləmişdi. Bu cür ali qonaqları görmək çox xoşdur. Həmçinin daha bir maraqlı festival – iki ildən bir təşkil olunan və 55-dən çox yaşı olan keçmiş gimnastların iştirak etdiyi “Golden Age” festivalı baş tutdu. Bu il tədbir İtaliyanın Pezaro şəhərində keçirildi. Burada ab-hava son dərəcə möhtəşəm idi, bir neçə gün ərzində iştirakçılar öz bacarıqlarını nümayiş etdirdilər”.

Onun sözlərinə görə, təbii ki, il ərzində Avropa Gimnastika İttifaqının iclasları – Prezident komissiyasının, İcraiyyə komitəsinin iclasları, texniki komitələrin prezidentləri ilə müşavirələr keçirilir:

“Adətən, bütün tədbirlər Lozannada, mənzil-qərargahımızda təşkil edilir, amma bu dəfə biz FIG-in səfər iclasları nümunəsinə riayət etdik və toplantını Makedoniyanın paytaxtı Skopyedə keçirdik. Bundan başqa, tədbirə keçmiş Yuqoslaviya respublikalarının, həmçinin Albaniyanın nümayəndələri dəvət olunmuşdu. Bizim onlarla söhbət etmək və regionun problemlərini öyrənmək imkanımız oldu”.

Avropa Gimnastika İttifaqının prezidenti xatırladıb ki, dekabrın 2-3-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresi təşkil edildi, növbəti gün isə UEG Bakıda ilin son iclasını – ilin yekunlarının müzakirə olunduğu Prezident komissiyasının müşavirəsini keçirdi.

F.Qayıbov FIG-in İcraiyyə komitəsinin üzvü kimi Beynəlxalq Gimnastika Federasiyasının iclaslarında da iştirak etdiyini bildirib: “Mən bu iclaslarda da olmuşam, bundan başqa, Olimpiya idman növləri üzrə dünya çempionatlarında iştirak etmişəm. 2018-ci ildə, həmçinin Avropa gimnastika federasiyalarının və digər beynəlxalq idman təşkilatlarının dəvəti ilə müxtəlif tədbirlərə qatılmışam”.

2019-cu il üçün tədbirlərin təqvimi çox zəngindir

UEG prezidentinin sözlərinə görə, bu il Avropada gimnastika üzrə bütün yarışlar başa çatıb, artıq Avropa Gimnastika İttifaqı gələn ilə hazırlaşır və qarşıdakı tədbirlərin təqvimi çox zəngindir:

“Əgər bu il batut gimnastikası üzrə Avropa çempionatı oldusa, gələn il aerobika və akrobatika gimnastikası üzrə Avropa çempionatları keçiriləcək. Aerobika gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları Bakıda, akrobatika gimnastikası üzrə Avropa çempionatı isə İsrailin Holon şəhərində keçiriləcək. Həmçinin Polşanın Şetsin şəhərində idman gimnastikası üzrə Avropa çempionatı təşkil ediləcək. Avropa çempionatları ilə yanaşı, iki böyük tədbir – Bakıda Avropa Gənclər Olimpiya Festivalı və Minskdə II Avropa Oyunları keçiriləcək”.

F.Qayıbov əlavə edib ki, 2019-cu ildə Moskvada ilk dəfə gənclər arasında bədii gimnastika üzrə dünya çempionatı, Macarıstanın Dyor şəhərində isə idman gimnastikası üzrə dünya çempionatı keçiriləcək:

“Artıq təsnifat başlayıb, Sofiyadakı dünya çempionatında 3 bədii gimnastika komandası, Dohadakı dünya çempionatında isə 3 idman gimnastikası komandası 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İlk təsnifat xarakterli Dünya Kuboku Almaniyanın Kotbus şəhərində keçirildi. Fevral ayından Dünya kuboklarına start verilir, burada idmançılar lisenziyalar uğrunda mübarizə aparacaq, daha sonra lisenziya xarakterli dünya çempionatları təşkil ediləcək. 2020-ci ildə lisenziya xarakterli qitə çempionatı da keçiriləcək. Bu, ilk dəfə olacaq, əvvəllər tamamilə fərqli qaydalar idi. Təbii ki, həm idmançılar, həm də məşqçilər arasında gərginlik artır. Gələn il yarışlarda iştirakçıların sayı artacaq, çünki bu, lisenziyalar uğrunda mübarizədir”.

UEG-nin planları barədə

F.Qayıbov deyib ki, UEG bir sıra tərəfdaşlarla – “SmartScoring” skorinq şirkəti, “Janssen-Fritsen”, “Spieth Gymnastics”, “Gymnova” və “Eurotramp” gimnastika alətləri istehsalçıları – əməkdaşlıq edərək mühüm layihələr həyata keçirir:

“İlin əvvəlində UEG-in İcraiyyə komitəsinin iclasında inkişaf proqramı barədə qərar qəbul olunub. Tərəfdaşlarımız sayəsində artıq bu il bir çox ölkələr gimnastika alətləri əldə ediblər. Həmçinin tədris proqramını elan etmişik. Biz bütün çempionatların müəyyən standartlara cavab verərək eyni səviyyədə keçirilməsinə nail olduq. Gimnastikada xalların sayılması mürəkkəb prosesdir və “SmartScoring”dən olan tərəfdaşlarımız təşkilatçılara ciddi kömək göstərir.

Bununla yanaşı, biz televiziyada yayımlanmayan, lakin azarkeşlər üçün maraqlı olan təsnifat xarakterli yarışları internetdə canlı yayımlayırıq. Beləliklə, tamaşaçılar yarışları izləmək, eyni vaxtda idmançıların nəticələrini görmək və şərh etmək imkanı əldə edirlər. Kifayət qədər maraqlı resurs ortaya çıxıb. Biz Avropa Yayım İttifaqı ilə də sıx əməkdaşlıq edirik”.

O əlavə edib ki, bütün Avropa çempionatlarının öz maskotunun olması barədə də qərar qəbul edilib: “Ümid edirik ki, bu, çempionatlara müəyyən populyarlıq gətirəcək və beləliklə, tribunalara daha çox tamaşaçı cəlb ediləcək”.

Avropa Gimnastika İttifaqının prezidenti bildirib ki, bundan başqa, UEG federasiyalara həm tədbirlərin təşkili, həm də inkişaf üzrə hər cür kömək göstərməyə çalışır: “Biz bütün gimnastika növləri üzrə seminarlar, treninqlər, hakimlərə qaydalara edilmiş dəyişikliklərin izah olunduğu kurslar təşkil edirik. UEG kifayət qədər böyük həcmdə işlər görür və əlbəttə ki, biz qaliblər və medalçılar arasında çox sayda avropalı idmançıları gördüyümüz üçün nəticədən məmnunuq”.

Bakıya 2019-cu ilin qitə çempionatlarını keçirmək etibar edilib

UEG-nin İcraiyyə komitəsinin 2019-cu ildə bədii gimnastika və aerobika gimnastikası üzrə qitə çempionatlarının ardıcıl olaraq iki həftə ərzində Bakıda keçirilməsi barədə qərarından bəhs edən F.Qayıbov bildirib ki, indi bu cür yanaşma çox populyardır:

“Buna yaxşı nümunə Qlazqodur. Tendensiya belədir – idman növləri arasında hansı tədbirin daha yaxşı olacağı ilə bağlı mübarizə gedir. Qlazqodakı çempionatın televiziya göstəriciləri nümayiş etdirir ki, bu, mükəmməl və vaxtında həyata keçirildi, digər böyük idman tədbirlərinə mane olmadı. Biz Qlazqoda layihənin bir hissəsi idik, indi isə bu təcrübədən özümüz istifadə etməliyik. Bakıda Olimpiya və qeyri-olimpiya gimnastika növlərinin tandemi olacaq, bir neçə gün ərzində tamaşaçılar hər iki növü izləyə biləcəklər. Biz gimnastika bayramı təşkil etməyə çalışırıq. Bu, yenilik etmək cəhdidir. Biz artıq müraciətlər almışıq – bu, eyni vaxtda iki-üç çempionat keçirmək istəyən federasiyalardan daxil olan müraciətlərdir”.

.