Prezident səfirlərin etimadnamələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerlin etimadnaməsini qəbul edib.

Səfir Bernd Aleksandr Bayerl fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bernd Aleksandr Bayerl etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirdi. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin önəminə toxunan Prezident İlham Əliyev özünün Avstriya Respublikasına, Avstriyanın Federal Prezidenti Haynts Fişerin isə Azərbaycana səfərlərini məmnunluqla xatırladı. Siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edən dövlətimizin başçısı iqtisadi sahədə, o cümlədən ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanda uğurla fəaliyyət göstərən Avstriya şirkətlərinin sayının artdığını vurğuladı. Dövlətimizin başçısı Bernd Aleksandr Bayerlin diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsun salamlarını və Avstriya hökumətinin ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Bakıda diplomatik fəaliyyətə başlamasından məmnunluq hissi keçirdiyini qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın fəal iştirakı ilə Bakıda yüksək zövqlə həyata keçirilən abadlıq və quruculuq işlərinin ona dərin təəssürat bağışladığını bildirdi. Bernd Aleksander Bayerl səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini dedi.

Dövlətimizin başçısı Avstriyanın Federal Kansleri Sebastian Kurtsun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Avstriyanın Federal Kanslerinə və Avstriya hökumətinə çatdırmağı xahiş etdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.

Səfir Kim Tonq Op fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Kim Tonq Op etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında çox yaxşı əlaqələrin mövcud olduğunu və birgə səylərlə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinin və ticarət dövriyyəsinin artırılmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Koreya Respublikasına dövlət səfərini məmnunluqla xatırladı və bu səfərin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda bir sıra Koreya şirkətlərinin sənaye, nəqliyyatın idarəedilməsi, şəhərsalma, arxitektura və digər sahələrdə uğurlu fəaliyyət göstərdiklərini bildirərək, kənd təsərrüfatı, ekologiya, təhsil, peşə ixtisasartırma kimi sahələrdə də əməkdaşlıq üçün əlverişli imkanların olduğunu dedi. Prezident İlham Əliyev Şərq-Qərb marşrutu üzrə yükdaşımalar istiqamətində Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit potensialını nəzərə alaraq, Koreya tərəfinin də bu imkanlardan istifadə edə biləcəyini qeyd etdi.

Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op Koreya Respublikasının Prezidenti Mun Ce-inin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə etdi. Səfir ölkələrimiz arasında dostluq əlaqələrinin və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da artırılması üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Prezident Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də həmçinin Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.

Səfir Xeyrullah Spelenay fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xeyrullah Spelenay etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Əfqanıstan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə dəfələrlə görüşdüyünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini bildirdi, ölkələrimizin iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın Əfqanıstanda sülhün və sabitliyin təmin olunması işinə töhfə verdiyini və Əfqanıstanda xidmət edən Azərbaycan hərbi qulluqçularının sayının artırıldığını qeyd etdi. Əfqanıstanda sülhün və təhlükəsizliyin bütün region üçün vacib olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın “ASAN xidmət” təcrübəsinin bu ölkədə uğurla tətbiq olunmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu imkanlarına toxunaraq, Əfqanıstanın da Şərq-Qərb marşrutu üzrə Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən dəmir yolu layihələrindən faydalana biləcəyini bildirdi.

Səfir Xeyrullah Spelenay Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən səfir Azərbaycanla Əfqanıstan arasında ənənəvi dostluğun daha da inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırdı. Səfir Azərbaycanın Əfqansıtanda sülhə və təhlükəsizliyə verdiyi töhfəsinə və ikitərəfli əsasda ölkəsinə müxtəlif sahələrdə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirdi. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini qeyd edərək, ölkəmizin inkişaf təcrübəsinin Əfqanıstan üçün xüsusilə vacib olduğunu dedi. Xeyrullah Spelenay Əfqanıstanın Şərq-Qərb marşrutu üzrə Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək, ölkəsinin yükdaşımaların həyata keçirməsində maraqlı olduğunu vurğuladı.

Dövlətimizin başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstanın dövlət başçısına çatdırmağı xahiş etdi.

.